Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF)dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzininxidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.
Kartinq mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə maraq artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.
Bakı Şəhər Kartinq Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Elnarə Əliyeva kartinq mərkəzinin ölkəmizdə avtoidman mədəniyyətinin möhkəmlənməsində əvəzsiz xidmət göstərəcəyini bildirib: “Artıq 3 ildir ki, ölkəmizdə avtoidmanın ən prestijli yarışı olan Formula 1 Qran Prisi keçirilir. Bu yarışlar sayəsində ölkə ictimaiyyəti, xüsusən də gənclər arasında avtoidmana böyük maraq yaranıb.
Biz bu kartinq mərkəzini ərsəyə gətirməklə ona nail olmağa çalışırıq ki, avtoidmana marağı olan gənclərimiz bu imkanlardan yararlanaraq Formula 1-də yarışan pilotlar səviyyəsində özlərini yetişdirə bilsinlər.
İnanırıq ki, çox yaxın gələcəkdə bu mərkəz ölkəmizə beynəlxalq avtoidman yarışlarında mübarizə aparan peşəkar pilotlar qazandıracaq”.
Qeyd edək ki, Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) Fransanın SODİ KARTS şirkətinə məxsusdur. SODİ kartları texniki göstərişləri, rahatlığı, müasir tərtibatı və ən əsası da təhlükəsizliyi baxımından digər kartlardan fərqlənir.
Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin gücünü boğmaqla yanaşı həm də onun bütün baryer sistemi boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi şlemlər və od keçirməyən kombinezonlar da verilir.
Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu bu mərkəzdə qonaqlara yaşına uyğun maşınlar təqdim olunur. Sürməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər.
Digər tərəfdən, mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni sürücülərlə yanaşı peşəkar sürücülər də iştirak edə biləcəklər. Bununla yanaşı, gələcəkdə yerli kadrların hazırlanması məqsədi ilə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili də nəzərdə tutulur.
Frame.az