Bakının Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışı olub
İsveçrənin maliyyə dəstəyilə Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən birgə həyata keçirilən bu yeni təşəbbüsdən 400-dən artıq qadın faydalanacaq
Bu gün Bakının Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışı mərasimi keçirilib. Açılışda BMT-nin Baş Katibinin Köməkçisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə Regional Bürosunun Direktoru Miryana Spolyariç Eqqer, Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional Direktorunun Müavini Dr. Simona Haeberli iştirak edib.
“Qadın Resurs Mərkəzləri qadınların öz şəxsi hədəflərinə çatmaq və iqtisadi imkanlardan yararlanmaq üçün bir-birindən öyrənməsinə və bir-birlərinə dəstək göstərməsinə imkan verən bir ekosistem formalaşdırıb”, – deyə xanım Eqqer açılış nitqində qeyd edib. “Mərkəzlər təkcə qadın sahibkarların öz şəxsi bizneslərini qurmasına dəstək göstərməyib, həm də onların özünəinam hissi qazanmasına, ailədə bərabərliyə nail olmasına, cəmiyyətdə nüfuzlarının artmasına və nəticədə başqaları üçün nümunə təşkil edən şəxslərə çevrilməsinə kömək edib”, – deyə o, əlavə edib.
2011-ci ildə Qadın Resurs Mərkəzlərinin yaradılmasına start veriləndən bəri, 6000 nəfərdən yuxarı qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, habelə tərcümeyi-halın yazılması, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlanmışdır. Təlimlər yüzlərlə qadını maddi təchizatla qrant dəstəyindən istifadə edərək öz bizneslərini qurmaqda kömək edib.
Bu mütərəqqi resurs mərkəzlərinin uğurlarından bəhs edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Bu gün ölkədə çox güclü dövlət qadın siyasəti aparılır, xüsusilə də qadın sahibkarlığının inkişafi ilə bağlı böyük işlər görülür. Bu layihələrimizin əsas məqsədi qadının “iş axtaran” statusdan “iş yerləri yaradan” statusa keçməsi təşkil edir. Eyni zamanda, qadının iqtisadi cəhətdən güclü olması onu bir sıra çətinliklərdən və risklərdən sığortalayır. Buna görə də qadınlarımızda özünə inam hissinin yaranması, peşə hazırlığı kurslarına cəlb olunması, sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün xüsusi qurumlara ehtiyac vardır. Bu baxımdan bizim beynəlxalq tərəfdaşlarımızla bərabər yaratdığımız Qadın Resurs Mərkəzlərinin əhəmiyyəti böyükdür.
İsveçrənin təmsilçisi Dr. Simon Haeberli hər bir məşğul və ya özünüməşğul qadının öz ölkəsi, icması və ailəsi üçün bir qazanc olduğuna inandığını ifadə edib: “İqtisadi səlahiyyətləri artırılmış qadınlar öz ailələrinin təhsil və sağlamlığına çox müsbət təsir göstərir, çünki onlar çox zaman ailə resurslarını fərqli şəkildə xərcləməyə üstünlük verirlər. İsveçrə Azərbaycanda çoxsaylı məcburi köçkünlərin və etnik azlıqların yaşadıqları ərazilərdə daha çox qadın resurs mərkəzlərinin yaradılmasına dəstək göstərməkdən həqiqətən də məmnunluq duyur”.
İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən və BMTİP-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən 637 000 ABŞ dolları dəyərindəki yeni təşəbbüs çərçivəsində üç rayonda yaradılan üç qadın resurs mərkəzi 400-dən yuxarı qadının məşğulluq imkanlarını artıracaq bacarıqlar qazanmasına dəstək göstərəcək. Bu təşəbbüs BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun və BMTİP-in 2021-ci ilin iyul ayına qədər davam edəcək “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı birgə layihəsi çərçivəsində həyata keçirilir. Azərbaycanda bu layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq yolu ilə BMTİP tərəfindən icra olunur.
Bu təşəbbüsün cari il ərzində 70 qadının öz biznesini qurmasına kömək edəcəyi və 30-dan yuxarı qadının peşə hazırlığı kurslarına cəlb olunmasına kömək edəcəyi gözlənilir. Bununla yanaşı, bu il layihə çərçivəsində ölkədə iri və orta ölçülü 12 özəl şirkətlə əməkdaşlıq qurulacaq və bu şirkətlər 2000-dən artıq aparıcı biznes qurumunu bir araya gətirən BMT-nin “Qlobal Saziş” Şəbəkəsinə qoşulacaq. Qadınların layiqli əməyə çıxış imkanını artırmaq məqsədilə özəl şirkətlərin öz biznes strategiyalarına gender aspektlərini nəzərə alan korporativ siyasət və təcrübələri daxil etməsi üçün BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu ilə əməkdaşlıq çərçivəsində özəl şirkətlərin Qlobal Saziş Təşəbbüsünün Qadınların Səlahiyyətlərinin Artırılması Prinsiplərini qəbul etməsinə texniki dəstək göstəriləcək. Bu tədbir 2018-ci ilin dekabr ayında ictimaiyyətə təqdim olunmuş “Qadınlar özəl sektorda” adlı gender qiymətləndirməsi tədqiqatının nəticələrinə əsaslanır ki, bu tədqiqat da İsveçrə hökuməti tərəfindən maliyyələşdirilib.
Xanım Eqqer BMTİP-in adından Azərbaycan Hökumətinə və inkişaf sahəsində fəaliyyət göstərən tərəfdaş təşkilatlara insanların həyatını əsaslı dərəcədə dəyişən bu vacib təşəbbüslərə göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib. O, həmçinin, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində spesifik mandatının tanınması fonunda BMT agentliklərinin birlikdə işləyərək, öz müqayisəli üstünlüklərini ortaya qoymasının vacibliyini də diqqətə çatdırıb.
Frame.az