Baku Fashion Week-in ilk mövsümünün rəsmi açılışı keçirilib
Baku Fashion Week-in ilk günü Four Seasons Otelində keçirilən mətbuat konfransı ilə başladı. Tədbirin aparıcısı Aysel Zahidqızı toplaşan jurnalistləri və qonaqları layihə üzərində çalışan komanda ilə tanış etdi. Layihənin mətbuat katibi Emil Axundov Bakı Moda Həftəsinin təşkilat komitəsində moda dünyası ilə sıx bağlı olan və uzun illər ölkədə bu sahənin inkişafında müstəsna rol oynayan insanların olduğunu qeyd edib. Bakı Moda Həftəsinin həmtəsisçisi, Uventa brendinin yaradıcısı Xəyalə Əsədova dünya standartlarına cavab verən moda həftəsinin ilk mövsümünün böyük komandanın 6 aylıq əməyinin nəticəsi olduğunu vurğulayıb. Bakı Moda Həftəsinin və Stock konsept mağazasının həmtəsisçisi, Scandar brendinin yaradıcısı Anar İsgəndərli ilk mövsümdə iştirak edən dizaynerlərin seçiminin necə aparıldığı barədə detalları qonaqlarla bölüşüb. Bakı Moda Həftəsinin və Stock konsept mağazasının həmtəsisçisi, Sida brendinin yaradıcısı Səidə Nəzirova qeyd edib ki, Bakı Moda Həftəsi ona hərtərəfli dəstək verən çoxsaylı tərəfdaşların iştirakı olmadan baş tuta bilməzdi. Bakı Moda Həftəsinin həmtəsisçisi Yekaterina Eren komandanın yaxın gələcək üçün planlarından danışaraq həm ölkə daxilində həm də xaricdə azərbaycanlı dizaynerlərin geyimlərinin yer aldığı moda həftələrinin keçiriləcəyini qeyd edib. Bakı Moda həftəsinin xüsusi qonalqları kimi dəvət olunan- Liliya Rax və Karina Niqay da bu kimi layihələrə dövlət dəstəyinin olmasını xüsusi qeyd edərək uğurlarını azrulayıblar.
Eyni günün axşamı Bakı Konqres Mərkəzində Baku Fashion Week-in ilk mövsümünün ilk gününün nümayişi baş tutdu. Start möhtəşəm oldu. Podyumda ilk nümayiş olunan Azərbaycan brendi Uventa-nın “Gentle & Strong” (Zərif və güclü) adlı kolleksiyası idi. Kolleksiyanın əsas məqsədi, adından da göründüyü kimi, güc və zərifliyi özündə birləşdirən xarakteri nümayiş etdirmək idi. Nümayişin açılış şərəfi hər iki xarakteri özündə birləşdirən və Baku Fashion Week-in xüsusi qonağı olan top model Günay Musayevaya verildi. Çoxlu metal və dəri aksesuarlarının yer aldığı kolleksiya hər kəsin diqqətini çəkməyi bacardı.
Podyuma çıxan növbəti kolleksiya Azərbaycan markası olan Sida kolleksiyası oldu. Brendin yaradıcısı Səidə Nəzirova həm də memar-dizayner olduğu üçün təəccüblü deyil ki, onun “Rutine” kolleksiyası aydın formalarla zəngin memarlıq və həndəsi fiqurların vəhdəti tərzində idi. Dizaynerin özünün də etiraf etdiyi kimi, o, kolleksiyalarında hazırki tendensiyaları deyil, ilk növbədə özünü əks etdirməyi sevir. Buna görə də podyuma çıxan modellərin obrazlarında sərt, təmkinli, hərəkətlərinə arxayın olan güclü qadın üslubunu görmək olardı. Kolleksiyada güpür detallar vasitəsilə qadınlıq və temperament nümayiş etdirilib.
Azərbaycan markası olan SGMNT-nin 15 obrazdan ibarət “RE-birth” kolleksiyası özünəməxsus üslubu ilə müasir qadına yönəlib. Kolleksiyanın ilham mənbəyi sirli olan və öz individuallığını moda ilə göstərən incə ruhlu güclü qadın obrazıdır. Kolleksiyada qara və metal rənglərdən istifadə olunub.
Baku Fashion Week-in birinci mövsümünün ilk nümayiş gününü Gürcüstandan xüsusi dəvət olunmuş dizayner Datuna bağladı. Yalnız iki – qara və çəhrayı rənglərin üstünlük təşkil etdiyi kolleksiya çoxlu dekorativ elementlərlə zəngin idi. Modellərlə yanaşı nümayişlərdə həm də yerli tanınmış şəxslər də iştirak etdi. Onlar arasında Fuad Hacıyev, “Parça” brendinin təsisçisi Aysel Sadıqova və bir çoxları var idi.
Nümayişlərin ilk günü FOMO Bakı-da keçirilən möhtəşəm afterparty ilə başa çatıb.
Baku Fashion Week-in ilk mövsümünün tərəfdaşları Schwarzkopf Gliss və Taft brendləri, memarlıq və mühəndislik şirkəti SNLine, dizayn şirkəti Akkaya, Avenue Interiors, Range Rover Sport, Four Seasons Hotel Baku, parfümeriya və kosmetika mağazaları şəbəkəsi olan Adore, 40 berber və Baku Fashion Academy-dir. Tədbirin media tərəfdaşları Nargis və The M.O.S.T. jurnalları, Design Tour dizayn televiziya şousu, həmçinin day.az, milli.az, turkic.world portalları, Azernews və Trend informasiya agentliyidir.