“Baku Piano Festival 2025” çərçivəsində istedadlı uşaqların iştirakı ilə konsert keçirilib
“IV Baku Piano Festival”ı çərçivəsində “Rotunda” konsert zalında gənc musiqiçilərin və dirijor Valid Ağayevin rəhbərliyi ilə Bakı Kamera Orkestrinin iştirakı ilə “We are the Future” musiqili axşam keçirilib. Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə gənc rəssamların sərgisi də olub.
İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova müsahibəsində istedadlı gənc rəssamların festivalda iştirakından bəhs edib.
“Bildiyiniz kimi, iyunun 14-də Bakıda “IV Baku Piano Festival”ı başlayıb. Çox maraqlı proqramlar təqdim olunub. Bu layihə çərçivəsində caz musiqisinə həsr olunmuş sərgi keçirilir və bu sərgidə İncəsənət Gimnaziyasının şagirdlərinin işləri nümayiş olunur. Sərgiyə nəzər saldıqda, burada 6-17 yaş kateqoriyalarında olan tələbələrin rəsmlərinin nümayiş etdirildiyini görəcəksiniz. Bütövlükdə, bu festival çərçivəsində belə sərginin keçirilməsi çox təqdirəlayiqdir. Çünki caz musiqisinin təbliği Bakı üçün çox önəmlidir və sərgiyə baxanda görürük ki, şagirdlər rəngləri çox gözəl çalarlarda verirlər. Mən “IV Baku Piano Festival”ının təşkilatçılarını belə bir hadisə münasibətilə təbrik edirəm və bu festivalın uzunömürlü olmasını diləyirəm!”, – deyə A.Əhmədova əlavə edib.
“We are the Future” adlı konsertlər “Baku Piano Festival”ının ənənəvi tərkib hissəsidir. Bu musiqi layihəsi gənc istedadları dəstəkləmək və səhnəyə çıxarmaq, onlara peşəkar klassik və caz musiqiçiləri ilə birlikdə çıxış etmək imkanı vermək məqsədilə yaradılıb. Festival çərçivəsində istedadlı uşaqların iştirakı ilə iki konsert keçirilir: klassik və caz.
“Baku Piano Festival”ının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Natəvan Növrəsli bu layihənin festival üçün əhəmiyyətindən bəhs edib.
“We are the Future” layihəsi bütün istedadlı uşaqlar üçün stimullaşdırıcı və ruhlandırıcı tədbir kimi düşünülmüşdür. Bu, konsert və sərgidir. İlkin olaraq o, bir gün keçirilirdi və orada həm klassik, həm də caz ifa edən uşaqlar iştirak edirdilər. Lakin layihə genişləndi: klassik və caz ifa edən istedadlı uşaqların sayı çox olduğuna görə, keçən ildən bu layihə iki gün davam etdi: ilk gün – klassik musiqi, ikinci gün – caz musiqi. Bu, “Baku Piano Festival”ının işıq, səmimiyyət və gələcəyə sonsuz inamla dolu əsl incisidir.
Səhnəyə gənc musiqiçilər çıxanda zal xüsusi ab-hava ilə – möcüzənin gözləntisi ilə dolur. Bu, sadəcə konsert deyil, xəyalların yarandığı, ilk addımların uzun bir yola çevrildiyi andır. Klassik konsert həmişə orkestrin müşayiəti ilə keçir, bu, unudulmaz təəssüratdır və uşaqların yüksək peşəkar klassik sənət ustadları ilə eyni səhnədə özlərini sınamaq, dirijorla işləmək imkanı – balaca iştirakçılar üçün unudulmaz təcrübə, tamaşaçılar üçün – sevinc və qürur mənbəyi, peşəkar musiqiçilər üçün isə onların yolunun haradan başladığı barədə xatırlatmadır.
“IV Baku Piano Festival”ı iyunun 28-dək davam edəcək. Paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Baku Piano Festival 2025” çərçivəsində bədii tədbirlər, sərgilər və cem sessiyaları da nəzərdə tutulub.

