Baş Prokurorluq: Üç nəfərin Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı cinayət işi başlanıb
Xəbər verildiyi kimi, fevralın 7-də Füzuli rayon sakinləri Mehman Quliyevin, İlqar Əhmədovun və Müstəqim Ələsgərovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində olarkən İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99-NH-623 dövlət qeydiyyat nişanlı avtomobilin tank əleyhinə minaya düşərək partlaması faktı ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti, başqa şəxslərə aid meyit fraqmentləri aşkarlanıb. Həmin fraqmentlərin İ.Məmmədova və M.Ələsgərova aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.