Baku City CircuitFormula 1Idman

Beynəlxalq Avtomobil Federasiyası “Bakı Şəhər Halqası”nın gördüyü işləri yüksək qiymətləndirib

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) ötən gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə birinci sərbəst yürüş zamanı bolidin drenaj lükünə toxunması nəticəsində baş verən qəza ilə bağlı məsələyə aydınlıq gətirib.

Frame.az xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bununla bağlı keçirilən mətbuat konfransında belə hadisələrin digər ölkələrdə keçirilən Qran-prilərdə də baş verdiyini vurğulayaraq bildirib: “Biz treki hazır vəziyyətə gətiririk və sonra Beynəlxalq Avtomobil Federasiyasına (FIA) təhvil veririk. FIA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarışlar keçirilir. Yəni, FIA-nın icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz. İllərlə Formula 1 yarışları keçirilən ölkələrdə də bu cür hadisələr baş verir. Bizdə də belə bir hadisənin baş verməsi normaldır. Özü də bu hadisə yarış zamanı deyil, test yürüşündə baş verib”.

N.Arpadarai qeyd edib ki, bu hadisə əsasən yerli auditoriyada müzakirəyə səbəb olub. Xarici tamaşaçılar bunu normal qəbul ediblər. Hətta əcnəbilər bu hadisəni maraqla qarşılayıblar. Xarici tamaşaçılar bildirirlər ki, Azərbaycanda keçirilən test yürüşü Çin Qran-Prisindən daha maraqlıdır.

BŞH-nin tikinti şöbəsinin rəhbəri Tom Butçer bildirib ki, hadisə baş verəndən dərhal sonra FIA-nın mütəxəssisləri ilə birgə əraziyə baxış keçirilib. FIA-nın mütəxəssisləri ilə üç toplantı olub və trekdəki bütün lüklərin qapaqları yenidən yoxlanılıb. Eyni zamanda, digər təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilib. Beynəlxalq qurum 16 saat ərzində gördüyümüz bu işləri yüksək qiymətləndirib və yarışların davam etdirilməsinə icazə verib.

T.Butçer vurğulayıb ki, ümumilikdə FIA-nın asfalt qatı ilə bağlı heç bir iradı yoxdur. Pilotlar da heç bir narazılıq etməyiblər.

Tədbirdə diqqətə çatdırılıb ki, drenaj qapağının bolidə toxunması nəticəsində “Williams” komandasına dəymiş ziyan üçün təzminat tələb olunarsa, həmin vəsait sığorta şirkəti tərəfindən ödəniləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!