Bizim AşpazDünya MətbəxiLəzzətli BölümMədəniyyətTəqdimat

Beynəlxalq Kulinariya Günü təntənəli şəkildə qeyd olundu

Beynəlxalq Kulinariya Günü Dünyada Azərbaycanın təşəbbüsü il 2004-cü ildə Dünya Kulinariya Təşkilatları Birliyi tərəfindən (WACS –WorldChefs), Dublində (İrlandiya) keçirilən Dünya Kulinariya Konqresində qəbul edilib. Hazırda 130 ölkə (115 üzv və 15 namizəd) bu günü qeyd edir. Bu il Beynəlxalq Kulinariya günü biz ilk dəfə olaraq Azərbaycanın qədim xörəklərindən biri olan fisincana həsr etdik. Biz fisincanın bir çox növlərini bərpa etdik və bunları bu gün hazırlayıb qonaqlara təqdim edirik.

Məqsəd sağlam və qədim xörək olan fisincanın restoran biznesinə qaytarılması və mətbəximizdə qoruyub saxlanılmasıdır. Həmçinin bu fisincanla bağlı 2000 – cu ildən bəri aparılmış elmi – praktik işlərin nəticəsidir. Belə ki, 2007-ci ildə Ukraynanın 4 şəhərində Azərbaycan milli mətbəxinin təqdimatı zamanı fisincanda, ətrafında şou yaradılaraq hazırlandı. Bizim təklifimiz ilə 2012- ci ildə Türkiyədə kanal D- də yayımlanan “Mutfağım” verlişinin Azərbaycan mətbəxinə həsr olunmuş bölümlərində Bakı mətbəxinin çəkilişi zamanı Abşeron bölgəsinə xas fisincanı bişirilməsi prosesi təqdim olundu. Həmin il Rusiya Federasiyasının RTR kanalında yayımlanan Anton Zaycevin ” Planeta vkusa” verlişində professional aşpaz tərəfindən restoran sistemi üçün fisincan plovun bişirilməsini təqdim etdik. 2012-ci ildə Bosnia- Hersoqovinada keçirilən beynəlxalq çempionatda modern qaydada beynəlxalq yarış qaydalarına uyğun fisincan plov təqdim olundu. Həmin il Tahir Əmiraslanovun müəllifi olduğu “Söz mətbəxi” kitabında fisincan haqqında dastan yer aldı. 2014 – cü ildən “Xanədan” restoranının menyusunda fisincanın bir neçə növü yer alıb. Bu il “İçərişəhər” DTMQ İdarəsinin çox hörmətli əməkdaşları Gülnar xanım Əliyeva və İradə xanım Qasımova bizə müraciət Bakıda fisincan bişirildiyi barədə keçən əsrin 40- cı illərində aparılan tədqiqatlar barədə bizə məlumat verdilər. Bütün bunları nəzərə alıb biz bu gün sizə riza küftəli fisincan, quzu ətli fisincan, balığ ilə fisincan, kənd çolpası ilə fisincan, mal əti ilə fisincan, bildirçin ilə fisinca və s. fisincan və fisincandan əvvəl yaranmış turşulu ət və turşulu toyuq yeməklərini təqdim edirik. 24-28 oktyabrda Makedoniyada keçiriləcək beynəlxalq kulinariya çempionatında 30 dəqiqəyə aşpazlarımız fisincan bişirəcək.

Bununla yanaşı tədbirdə Türkiyə Yunis Emre Enistüsü, Özbəkistanın Azərbaycandakı səfirliyi, Çin Konfutzi İnstutu tərəfindən milli mətbəx nümunələri nümayiş olundu.

Tədbirdə Milli Məclis üzvləri, ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər, tanınmış mədəniyyət xadimləri iştirak etdi. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı təşkil olundu. Azərbaycan milli kulinariya mərkəzinin əməkdaşları Aygül Əsgərova, Nərmin Babayeva, Azadə Musabəyli və ” Sərin” MMC-nin icraçı direktoru Abbas Ələsgərov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edildi. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası tərəfindən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov baş direktor müavini Ceyran Əsgərova və baş texnoloq Elnurə Quliyeva diplomla təltif edildi.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü usta dərəcəli aşpaz Ağa Aşurov Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvü seçilərək diplom və medalla təltif edildi. ” Sərin” MMC-nin icraçı direktoru Abbas Ələsgərov, mərkəzin əməkdaşları Nərmin Babayeva, Gülnarə Axundova, Ləman Balakişiyeva kulinariya şöhrəti ordeni ilə təltif edildi. ” Nuş olsun” verlişinin aparıcısı Ağakərim Şamidzadə və kulinar Stalik Xankişiyev tanınma diplomu ilə təltif edildi.

Festival zamanı Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən bir il ərzində görülmüş işlərin hesabatı verildi.
Milli mətbəxin təbliğində fəal iştirak etmiş media nümayəndələrinə, aşpazlara, şirkətlərə diplomlar təqdim olundu. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!