Beynəlxalq Muğam Mərkəzi 2019-cu ili rekord rəqəmlərlə başa vurub
Beynəlxalq Muğam Mərkəzi 2019-cu ili rekord rəqəmlərlə dekabr ayında 51 tədbir reallaşdıraraq başa vurub.
Muğam sənətinin ocağı funksiyasını daşıyan Beynəlxalq Muğam Mərkəzi 2019-cu ilə uğurla yekun vurur. Yola saldığımız il BMM üçün yaradıcılıq və konsert fəaliyyəti baxımından əlamətdar illərdən biri olub. Belə ki, son 4 ay sentyabr-dekabr ayları ərzində Mərkəzdə Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədilə çoxsaylı tədbir və konsertlər reallaşdırılıb. Təkcə onu qeyd etmək yerinə düşər ki, may ayında mərkəzdə 32 konsert proqramı keçirilmişdisə, noyabr və dekabr aylarında bu konsertlərin sayı hər ay üçün 48 və 51 rəqəmini üstələmişdir.
Belə ki, BMM-nin layihələri, “Unudulmayanlar”, “Muğam axşamları”, “Etnik musiqi inciləri”, “Sirlər xəzinəsi”, “Qəzəllər” , “Aşıq musiqisi axşamları” çərçivəsində təşkil edilən konsertlər adından da göründüyü kimi milli musiqimizin, muğamlarımızın təbliğinə xidmət edir.
“Unudulmayanlar” layihəsi çərçivəsində unudulmaz xanəndələr Seyid Mirbabayev, Sara Qədimova, Əbülfət Əliyev, Qədir Rüstəmova həsr olunmuş xatirə gecələri , “Muğam axşamları” layihəsi əsasında “Şur”, “Rast”, “Bayatı Şiraz”, “Çahargah” muğamları dəstgah şəklində muğamsevərlərə təqdim olunmuşdur.
“Klassik musiqi axşamları”, “Klassik ifaçılıq məktəbimizin görkəmli nümayəndələri” kimi layihələr isə klassik musiqinin, Azərbaycan bəstəkarlıq məktəbinin təbliğinə yönələn ideyalardır. Bu layihələr çərçivəsində klassik musiqi ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin konsert və yubileyləri qeyd edilmiş, həm yerli həm də xarici ifaçıların çoxsaylı konsertləri həyata keçirilmiş, layihə çərçivəsində klassik musiqi ifaçılarının, bəstəkarların yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilmişdir.
BMM-nin səhnəsində rusiyalı bəstəkar və ifaçı Senya Son, violin ifaçısı Sergey Doqadin, Maykl Qutman (violin) və Olqa Domninanın (piano), dünyaca məşhur caz ustalarından Jeymi Devis, Denise King və digərlərinin konsertlərini qeyd edə bilərik . Ənənəvi olaraq təşkil edilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının konsertləri və digər beynəlxalq layihələrin konsertləri mərkəzdə uğurla reallaşdırılmışdır.
Mövsüm ərzində eləcə də səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən konsertlər xalqların bir-birinin etnik musiqisinin tanımasına xidmət etməklə beynəlxalq əməkdaşlıq üçün yeni yollar açıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində BMM-nin səhnəsində Gürcüstan, Özbəkistan, Meksika, Çin, İndoneziya, Hindistan, Avstriya və digər ölkələrdən olan musiqiçilərin konsertləri keçirilib. 12-14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin iştirakı ilə macar xalq musiqisi, klassik və ]caz musiqisindən ibarət “Macarıstan musiqisi axşamları “adlı 3 günlük layihə- konsertlər təqdim olunmuşdur.
Bu ilin oktyabr ayında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşan möhtəşəm tədbirlərdən biri də Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən “Dəyirmi masa” layihəsi Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusuna həsr edilmişdi. Eləcə də Tbilisidə BMM-nin təşkilatçılığı ilə “Qarabağ” muğam qrupunun konserti də keçirildi ki, bu layihə böyük əks sədaya səbəb oldu. Qarşılıqlı əlaqənin nümunəsi kimi Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri ansamblı, “Eqari” etno-caz qrupu bizim musiqiçilərlə eyni səhnəni bölüşdülər.
BMM konsert fəaliyyətini təkcə öz səhnəsində reallaşdırmaqla işini yekunlaşdırmadı. Belə ki, mütəmadi olaraq regionlarda (Ağdam, Füzuli, Horadiz, Şamaxı) eləcə də Bakıətrafı qəsəbələrdə muğam ifaçılarının konsertlərini təşkil edildi. “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarında xanəndələron ifasında təsnif və xalq mahnıları təqdim edildi.
Elmi -tədqiqat sahəsində işlərini davam etdirən mərkəz “Dəyirmi masa ” layihəsi çərçivəsində bir sıra tədqiqat işləri ərsəyə gətirib. Bu işlər nəticəsində eləcə də BMM -nin nəşri olan kitablar və monoqrafiyalar nəşr edilərək ictimaiyyətə təqdim olunub. Muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Azərbaycan tarı: dünən, bu gün və sabah”, Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri”, “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” , Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ”,Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” elmi tədqiqat mövzulu dəyirmi masalarda alim və mütəxəssislərin çıxışlar edərək bu sahələr üzrə təcrübələrini bölüşmüşlər.
Bundan əlavə BMM-dən artıq bir neçə aydır ki, hər gün 2 saat olmaqla Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının səhər efiri canlı yayımlanır bu da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan və xarici ölkələrin televiziya kanalları milli musiqinin təbliği ilə bağlı bir çox layihə və verilişləri Mərkəzdə həyata keçirilmişlər.
Eləcə də ölkəmizdə ilk dəfə təşkil edilən “Azərbaycan vokalçıları” festivalının konsertləri uğurla təşkil edilmişdir. Birgə əməkdaşlıq nəticəsində yerli və beynəlxalq təşkilatlarla BMM-də təşkil edilən tədbirlərində minlərlə tamaşaçı mərkəzin foyesində təşkil edilən qədim musiqi alətləri ekspozisiyası ilə tanış olmuşlar.
Bütün bu sadalananlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və Birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkənin hərtərəfli inkişafı, milli mədəni irsimizin, musiqi mədəniyyətimizin həm ölkədə həm də xaricdə tanıdılması, təbliği üçün göstərdiyi xidmət nəticəsində mümkün olmuşdur.
Beynəlxalq Muğam Mərkəzi öz fəaliyyətini 2020-ci ildə daha da genişləndirərək beynəlxalq layihələr, konsert tədbirləri, elmi -tədqiqat sahəsində seminar və konfranslar, milli musiqi, aşıq və muğam sənətimizin inkişafına və təbliğinə xidmət edən yeni layihələr və konsertlərlə tamaşaçıların görüşünə gələcək.