MusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olundu

İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olunub. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.

Frame.az Azərtac-a istinadən xəbər verir ki, konsertdən əvvəl Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir. Ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsində musiqinin böyük rolu var. “Biz digər sahələrdə olduğu kimi, musiqi, ümumiyyətlə mədəniyyət sahəsində də həmrəyik. Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənindir”,- deyə səfir vurğulayıb.

E.Özoral proqramın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, musiqiçilərə uğurlar arzulayıb.

Bakı sakinlərinə yay mövsümü ərəfəsində təqdim olunan beynəlxalq caz layihəsində Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak ediblər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edib.

İlk olaraq “Önder Focan ve Şalliel Bros” qrupu konsert verib.

Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjimançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O, ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə “Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonçu qardaşlar Anil və Batuhan Şalliel iştirak ediblər. Albom ilk dəfə Bakıda təqdim olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!