Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi uğurla davam edir
Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi çərçivəsində Vahid ədəbi məktəbinin davamçısı , şair- qəzəlxan Seyidağanın 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin təqdimatında baş tutan ədəbi-bədii gecədə tanınmış şairlər və musiqişünaslar Seyidağanın Azərbaycan qəzəl məktəbində qoyduğu izdən söz açdılar. Xalq artisti Simarə İmanova, Əməkdar incəsənət xadimi Aqil Məlikov və Muöam Televiziya Müsabiqəsinin laureatları şairin qəzəllərinə müraciət etdilər. Həmçinin gənc aktyorlar qəzəllərdən parçalar ifa etdilər.
Qeyd edək ki, Seyidağa Həbibov “Azərbaycan”, “Kirpi” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri” qəzetlərində qəzəlləri və satirik şeirləri ilə müntəzəm çıxış etmişdir.
1986-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən buraxılan Məmməd İsmayılın tərtib etdiyi “Qəzəllər” (kollektiv) toplusunda Seyidağanın 60-a yaxın qəzəli çap olunmuşdur.
Seyidağa yaradıcılığında vətənə məhəbbət, şeirə, sənətə rəğbət, mərdlik, şücaət, vəfa, etibar, məhəbbət və s. olduqca gözəl poetik obrazlarla ifadə olunmuşdur.