EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzi onlayn tədbirdə iştirak edib

Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Respublikasının Latviyadakı səfirliyi və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının birgə əməkdaşlığı çərçivəsində onlayn tədbir keçirilib.
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Latviyadakı səfirliyi, Beynəlxalq Muğam Mərkəzi və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının birgə əməkdaşlığı çərçivəsində onlayn tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, rayon və şəhərləri, Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhərini işğaldan azad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti ilə haqq-ədalət bərpa olunub və tarixi Zəfər qazanılıb. O bildirib ki, biz bu Zəfərlə həm də ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsini qeyd edirik. Heydər Əliyevin banisi olduğu müasir və qüdrətli Azərbaycan dövləti bizim hər birimizin müqəddəs and yeri və qürur mənbəyimizdir.
Daha sonra o, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsindən, işğaldan azad edilmiş torpaqlarımızda qısa müddətdə dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən danışıb.
Sonra Türkiyə Respublikasının Latviyadakı səfiri Gülsun Erkul çıxış edib. O, Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək bu şanlı Qələbənin bütün türk dünyasının ortaq Zəfəri olduğunu qeyd edib. Bildirib ki, Türkiyə dövləti Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə başlayan andan etibarən ona öz dəstəyini ifadə edib və Türkiyə bundan sonra da bütün imkanları ilə hər zaman qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcəkdir.
“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev Zəfərin əhəmiyyətindən danışaraq Azərbaycanın haqq işi barədə Latviya ictimaiyyətinin məlumatlandırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən bəhs edib.
Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Amil Səlimov çıxış edərək xalqımızın son 30 ildə keçdiyi yoldan, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən işlərdən, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən, eləcə də Latviyada fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin fəaliyyətindən danışıb.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.
Konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri Məmməd Nəcəfov, Günay İmamverdiyeva, Xəyalə Qafarzadənin ifaları təqdim olunub. Xanəndələri tarda Nurlan Cəbizadə və kamançada Ceyhun Muradov müşayiət edib.

Konsert Beynəlxalq Muğam Mərkəzinin sosial media hesabları vasitəsilə də canlı yayımlanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!