Böyük tədbir saxtakarlıq üçün böyük fürsətdir: COP29 ərəfəsində hansı saxtakarlıq sxemlərini xatırlamaq lazımdır?
2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Konfransı (COP29) təkcə ekspertlərin və hökumət rəhbərlərinin deyil, həm də tədbirə yüksək maraqdan yararlanmaq istəyən fırıldaqçıların diqqətini cəlb edir. Nəzərə alsaq ki, COP29 mühüm ekoloji gündəliyə malik beynəlxalq tədbirdir, saxtakarlıq müxtəlif formalarda meydana çıxa bilər – saxta dəvətlərdən tutmuş saxta iştirak haqlarına qədər.
Kaspersky şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov konfrans zamanı yarana biləcək ən geniş yayılmış saxtakarlıq sxemlərini xatırladıb və onları necə tanımağın yollarını açıqlayıb.
Saxta dəvətlər və akkreditasiya
Ən geniş yayılmış fırıldaqçılıq növlərindən biri təşkilatçılar adından saxta dəvətnamələr göndərməkdir. Təcavüzkarlar e-poçt vasitəsilə hədəf auditoriya ilə əlaqə saxlaya, konfransda iştirak etməyi təklif edə və akkreditasiya və ya qeydiyyat haqqının ödənilməsini tələb edə bilərlər. Təhlükəsizlik üçün nə etməli: BMT tədbirlərinə rəsmi dəvətlər öncədən iştirak haqqı ödəməyi tələb etmir. İstənilən e-poçt və təklifləri yoxlayın, göndərənin domenlərinə diqqət yetirin və BMT-nin rəsmi saytındakı məlumatlarla tutuşdurun.
Saxta qeydiyyat haqqı və gizli yığımlar
Fırıldaqçılar COP29 konfransında iştirak üçün “qeydiyyat haqqı” və ya “buraxılış haqqı” ödəməli olduğunuzu iddia edə bilərlər. Bu məbləğlər dəyişir və ödəniş qurbanın maliyyə təhlükəsizliyini riskə ataraq şəxsi və ya kart məlumatlarının daxil edilməsini tələb edir. Təhlükəsizlik üçün nə etməli: BMT və onların tərəfdaşlarının rəsmi resurslarındakı məlumatları yoxlayın. Əksər hallarda bu cür tədbirlər əvvəlcədən akkreditasiya olunmuş iştirakçılar üçün açıq olur və ödənişlər yalnız rəsmi platformalarda qeyd olunur.
Saxta saytlar və tədbirlərə həsr edilmiş saxta səhifələr
Bəzi fırıldaqçılar BMT-nin rəsmi səhifələrinə bənzəyən vebsaytlar yaradırlar. Bu saxta resurslar ziyarətçilərin şəxsi və kredit kartı məlumatlarını toplamaq üçün istifadə olunur. Təhlükəsizlik üçün nə etməli: Həmişə URL-i yoxlayın. BMT-nin rəsmi saytları müəyyən təşkilat və ya hadisə ilə əlaqəli un.org domenindən və ya alt domenlərindən istifadə edir. Kiçik yazı səhvləri olan şübhəli domenlər saxtakarlığın əlamətidir.
Qonaqlama və transfer sifarişi saxtakarlığı
Konfrans iştirakçıları qonaqlama və nəqliyyata ehtiyac duya bilər. Fırıldaqçılar konfransla əlaqəli olduqlarını iddia etdikləri saxta agentliklər və ya saytlar vasitəsilə sifariş xidmətləri təklif etməklə bundan yararlana bilərlər. Bəzən ödənişdən sonra məlum olur ki, xidmət mövcud deyil ya da qiymətlər şişirdilib. Təhlükəsizlik üçün nə etməli: Yalnız rəsmi veb saytlar və ya etibarlı platformalar vasitəsilə yerləşmə və nəqliyyat sifariş edin. Əgər forum adından sizə xidmətlər təklif olunursa, tədbirin rəsmi saytında bu məlumatı iki dəfə yoxlayın.
Fişinq hücumları və şəxsi məlumatların toplanması
Fişinq e-poçtları fırıldaqçılığın ən təhlükəli formalarından biridir. Forum ərəfəsində təcavüzkarlar şəxsi məlumatların təsdiqlənməyinin və ya tədbirdə iştirakın “təhlükəsizliyi” üçün sorğunun tamamlamağının istənildiyi e-poçtlar göndərə bilər. Bu e-poçtlar rəsmi görünə bilər, lakin əslində şəxsi məlumat toplamaq üçün nəzərdə tutulub. Təhlükəsizlik üçün nə etməli: BMT və digər beynəlxalq təşkilatlar nadir hallarda həssas məlumatları e-poçt vasitəsilə tələb edirlər. Göndərənin ünvanını yoxlayın, naməlum linklərə keçid etməkdən çəkinin və şübhəli saytlara şəxsi məlumatları daxil etməyin.
Xeyriyyəçilik üçün saxta pul yığımı
Ətraf mühit və iqlim forumları çox vaxt xeyriyyəçilik məqsədilə vəsait toplamaq üçün səbəbə çevrilir və fırıldaqçılar bundan istifadə edə, yəni iqlim sammiti və ya BMT məqsədlərinə aid olduğu iddia edilən layihələr üçün saxta fondlar təşkil edə bilərlər. Təhlükəsizlik üçün nə etməli: Həmişə tədbirin və ya layihənin rəsmi təşəbbüslərlə əlaqəli olub olmadığını yoxlayın. BMT və ya digər təşkilatların rəsmi xeyriyyə layihələri onların internet saytları və sosial media səhifələri vasitəsilə asanlıqla yoxlanıla bilər.
Saxta iş və ya təcrübə təklifləri
Forumlar və sammitlər dünyanın hər yerindən peşəkarları cəlb edir və fırıldaqçılar BMT agentliklərində mövcud olmayan, saxta iş və ya təcrübə təklif edərək, vizaların “emal edilməsi” və ya “inzibati xidmətlər” üçün ödəniş tələb edə bilərlər. Təhlükəsizlik üçün nə etməli: BMT və digər beynəlxalq təşkilatların rəsmi vakansiyaları onların rəsmi internet saytında dərc olunur. Əgər sizdə ödəniş qarşılığında iş təklif olunursa və ya qeydiyyat üçün pul tələb olunursa, bu, çox güman ki, saxtakarlıqdır.
Saxta forum biletlərinin satışı
Belə forumlarda iştirak adətən dəvətlə olsa da, fırıldaqçılar fərdi sessiyalar və ya tədbirlərə giriş təmin etdiklərini iddia edərək, ödənişli bilet təklif edə bilərlər. Tövsiyə: Rəsmi mənbələrlə əlaqə saxlayın. BMT bu tədbirlərə bilet satmır və sizdən bilet almaq istənilirsə, bu, böyük ehtimal ki, fırıldaqdır.
BMT forumlarında fırıldaqçılıqdan necə qorunmalı?
• Rəsmi mənbələrlə məlumatları yoxlayın: Sammitdə iştirakla bağlı hər hansı məlumat üçün yalnız BMT və onun tərəfdaşlarının rəsmi internet saytlarından istifadə edin.
• Şübhəli linklərə klikləməyin: Naməlum e-poçtlardan gələn linkləri açmamağa və ya üçüncü tərəf saytlarında məlumatlarınızı təqdim etməməyə çalışın.
• Məlumatlarınızı yad adamlarla paylaşmayın: Şəxsi və maliyyə məlumatları BMT tərəfindən heç vaxt e-poçt vasitəsilə tələb olunmur.
• Rezervasiya və ödəniş üçün yalnız etibarlı platformalara etibar edin: Qonaqlama və nəqliyyatı bron etmək üçün yalnız rəsmi və tanınmış platformalardan istifadə edin.