FutbolIdman

Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşəcək

Mayın 19-da futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Frame.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək.

Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013-2014 mövsümündə “Neftçi”yə (1:1, penal 2:3), son iki ildə isə “Qarabağ” (0:2) və “Keşlə”yə (0:1) məğlub olub.

“Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Naxçıvanda zəfər çalarsa, avrokubokda ilk dəfə çıxış etmək şansı qazanacaq. Bu komandaların Topaz Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.

“Qəbələ” və “Sumqayıt” kubokda ilk dəfə qarşılaşacaq. Topaz Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də “gənclik şəhəri” təmsilçisi qalib gəlib. On yeddi görüşdə “Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. “Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.

“Sumqayıt” finala qədər “Neftçi” (2:0, 0:1) və “Zirə”ni (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə “Sabah”la (1:0, 1:0) “Qarabağ”dan (1:0, 1:2) güclü olub.

Qeyd edək ki, 2018-2019 mövsümündə Topaz Premyer Liqanın qalibi “Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni UEFA Çempionlar Liqasında, gümüş mükafatçı “Neftçi” ilə bürünc mükafatçı “Səbail” isə Avropa Liqasında təmsil edəcək. Azərbaycan kubokunun qalibi də UEFA Avropa Liqasında oynamaq şansı qazanacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!