Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür
4 oktyabr –Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.
Frame.az xəbər verir ki, həmin gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub. Bundan əlavə, oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu hesab edilən İtaliyanın Assasiya əyaləti sakini Françeskonun vəfat etdiyi günə görə təyin olunub.
Bu gün dünyanın bir çox ölkəsində müxtəlif tədbir, aksiya, kampaniyalarla qeyd edilir.
Azərbaycan Respublikasının rəngarəng təbii şəraiti onun heyvanlar aləmini çox zəngin edib. Ölkəmizdə 101 məməli, 365 quş, 52 sürünən (reptili), 10 suda-quruda yaşayan (amfibiyalar), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, insanlarda və heyvanlarda parazitlik edən ibtidai (protozoa) heyvan növləri məlumdur.
Azərbaycanda da heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan və ya tükənmək təhlükəsi ilə üzləşən fauna nümayəndələrinin adı “Qırmızı kitab”a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır. Belə tədbirlərə nümunə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “ IDEA” İctimai Birliyinin bəbirlərin, ceyranların qorunması sahəsində birgə təşəbbüslərini qeyd etmək olar.
Respublika ərazisində mövcud olan 108 növ heyvanın adı “Qırmızı kitab”a daxil edilib. Onlardan 14-ü məməli, 36-sı quş, 13-ü sürünən və suda-quruda yaşayan, 5-i balıq və 40 növü cücülərdir.