IdmanTəqdimat

Budapeştdə keçirilən gənclərlə keyfiyyətli iş mövzusundakı təlim seminarına yekun vurulub

İyulun 18-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdəki Avropa Gənclər Mərkəzində keçirilən gənclərlə keyfiyyətli iş mövzusundakı təlim seminarına yekun vurulub.

Azərbaycanın gənclər mərkəzlərinin və evlərinin əməkdaşları üçün keçirilən təlim zamanı gənclərlə işin təşkili, qeyri-formal təhsil yanaşmaları, mərkəzlərin fəaliyyətlərində gənclərin iştirakçılığı, inkluzivlik və könüllülük meyarları, gənclər siyasətində Gənclər Evlərinin rolu və digər mövzularda praktiki məlumatlar çatdırılıb.

Budapeşt Gənclər Mərkəzinin direktoru Gordana Berjan Avropa Şurasının Gənclər Mərkəzlərinə təqdim etdiyi “Keyfiyyət nişanı” barədə məlumatlar verib, eləcə də rəhbəri olduğu mərkəzin təcrübəsini iştirakçılarla paylaşıb. Daha sonra Azərbaycandakı Gənclər Evləri üçün keyfiyyət nişanının tətbiqi məsələləri müzakirə edilib.

Təlim proqramına uyğun olaraq, Finlandiyanın Villa Elba Gənclər Mərkəzinin direktoru Katarina Silvander və Portuqaliyanın Lissabon Gənclər Mərkəzinin direktoru Fernanda Maria Oliveira Brito müvafiq fəaliyyət istiqamətləri, statistik göstəricilər, gənclərlə iş istiqamətində tətbiq edilən yeni təcrübələr barədə məlumat veriblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramil Cabbarov gənclər evlərinin fəaliyyətinə dair yeni konsepsiya təklifi barədə təqdimat edib, irəli sürülən təşəbbüs və təkmilləşdirmə müxanizminin detallarını açıqlayıb. Müzakirələr zamanı iştirakçıların təklifləri dinlənilib.

Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü Məryəm Məcidova AŞ Gənclər Sektorunun birgə idarəetmə sistemi barədə təqdimat edib.

Qeyd edək ki, Avropa Şurasının Gənclər Departamenti tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə həyata keçirilən təlim Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində təşkil olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!