Bakıda qəhvə və çay festivalı keçirilir
Yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” kompleksində) ilin çoxdan gözlənilən ən böyük tədbiri – Bakı qəhvə və çay festivalı (“Baku Coffee & Tea Festival”) keçirilib.
Frame.az xəbər verir ki, festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.
Beynəlxalq Qəhvə Birliyinin Azərbaycanın nümayəndəsi Aynur Tağıyeva müsahibəsində deyib ki, sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Festivalın keçirilməsində məqsəd qəhvəni Azərbaycanda çay qədər məşhur etməkdir. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatılıb. Öz qəhvəsi ilə məşhur olan bu ölkələrin festivala qatılması tədbirə xüsusi maraq yaradıb.
A.Tağıyeva vurğulayıb ki, bu üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Belə ki, festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Bosniyada keçiriləcək Dünya Barista Çempionatında (“World Barista Championship”) təmsil edəcək. Bununla da ilk dəfə olacaq Azərbaycan öz baristası ilə dünya arenasına çıxacaq.
Festivala ildən-ilə marağın artdığını bildirən A.Tağıyeva çempionatın bu il ilk dəfə keçirildiyini deyib. “Üç gün davam edəcək festivala səhər 11.00-dan axşam 19.00-dək Bakı sakinləri və qonaqların girişi tam sərbəstdir. Bütün çay və qəhvə məhsulları festival iştirakçıları üçün ödənişsizdir. Bu gün festivalın ilk günüdür, iş günü olmağına baxmayaraq burada çox insan toplaşıb, festivala maraq olduqca yüksəkdir”.
Festivalda ziyarətçilərə türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi bildirib ki, ölkəsinin tədbirdə iştirakı rəmzi xarakter daşıyır: “2019-cu il üçün müşavirliyin proqramında bu tədbirdə iştirakı nəzərdə tutulmamışdır. Lakin dəyərli festival təşkilatçılarının Türkiyəni də bu tədbirdə görmək arzusu bizi iştiraka həvəsləndirdi”.
Türk qəhvəsi ilə bağlı bu il geniş təqdimat günləri və sərgilər keçirməyi planlaşdırdıqlarını deyən İrfan Çiftçi qeyd edib ki, Bakı qəhvə və çay festivalında da qonaqlar türk qəhvəsinin hazırlanma qaydası ilə tanış ola, ləziz təamların dadına baxa bilərlər.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən italyan kofe şirkətinin nümayəndəsi Rüfət Mikayılzadə festivalda ilk dəfə iştirak etdiklərini söyləyib. Gələcəkdə bu festivala məmnuniyyətlə qatılacaqlarını qeyd edən R.Mikayılzadə Azərbaycanda qəhvəyə olan sevginin daha da artacağına ümid bəslədiyini bildirib.
Qeyd edək ki, bir çox qəhvə və çaysevərləri bir araya toplayan qəhvə və çay festivalına maraq olduqca yüksəkdir. Həmçinin festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.
Yanvarın 13-də yekunlaşacaq qəhvə və çay festivalına giriş sərbəstdir.