Cəbrayıl rayonun işğalının 24-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək
22 avqust 2017-ci il tarixində, saat 12:00-da Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçiriləcək. Tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə ərsəyə gətirilib.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Ərazisi 1050 km2 olan bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilmişdi. İşğala qədər rayonda xalça və cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Araz çayı üzərindəki çoxtağlı Xudafərin körpüləri, Xubyarlı və Şıxlardakı səkkizguşəli və dairəvi türbələr, Dağtumasdakı Başıkəsik günbəz, Sirikdəki Qala, Çələbilərdəki məscid-mədrəsə kompleksi və s. dediklərimizə sübutdur. Təəssüf ki, işğalla bağlı əsirlikdə qalmış bu abidələrin taleyindən xəbərsizik.
Cəbrayıl həm də milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.
“Vüsal körpüsü” adlı tədbirin keçirilməsində məqsəd Azərbaycanın dilbər güşələrindən biri olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Tədbir Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi və bədii hissədən ibarətdir.
Tədbirin açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Cəbrayıl rayonu İcra başçısı Kamal Həsənov, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Tariyel Abbaslı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti mayor Ramil Səfərov Qarabağ uğrunda gedən döyüşlər zamanı Azərbaycan əsgərlərinin göstərdikləri şücaətdən, eləcə də Cəbrayıl rayonunun mədəniyyət, incəsənət, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini, Cəbrayılla bağlı xatirələrini bölüşəcəklər.
Tədbirin bədii hissəsində Aqşin Taryeloğlu, Vüsal Zamanov, Məleykə Əliqızı və Hacı Məhəmməd çıxış edəcəklər.
Ülviyyə Ədalətqızı
Frame.az