Dərman vasitələrinin istehsalı sahəsində “Made in Azerbaijan” brendi – Müsahibə
Bir müddət öncə ölkəmizdə ilk elmi əsaslı əczaçılıq şirkəti “Parla Pharmaceuticals”ın əhalinin təlabatını ödəmək və ixrac məqsədilə yerli dərman preparatlarının istehsalına başlaması barədə rəsmi açıqlama verilmişdi. “Parla Pharmaceuticals”-ın fəaliyyəti, gələcək planları və istehsal olunan dərman preparatları barədə şirkətin direktoru Araş Nosrati Heravi məlumat verib.
Frame.az Araş Nosrati Heravinin müsahibəsini təqdim edir:
– “Parla Pharmaceuticals” şirkəti Azərbaycanın əczaçılıq bazarında fəaliyyətə başlayıb. Zəhmət olmasa şirkət haqqında məlumat verə bilərsiniz?
-“Parla Pharmaceuticals”, Azərbaycanda əczaçılıq sahəsində ixtisaslaşmış yerli şirkətdir. Əminliklə deyə bilərəm ki, “Parla Pharmaceuticals”, Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalını həyata keçirəcək ilk elmi əsaslı əczaçılıq şirkətidir. Yaxın gələcəkdə “Parla Pharmaceuticals”-ın dərman sektorunda mühüm dünya brendlərindən birinə çevriləcəyinə inanıram.
Başlanğıc olaraq, bir neçə məhsulla əczaçılıq bazarına daxil olduq və qısa zamanda şirkətin məhsul portfeli daha da genişlənəcək. Qeyd edim ki, “Parla Pharmaceuticals” artıq ixrac fəaliyyəti ilə bağlı danışıqlara başlayıb. Ümid edirik ki, yaxın zamanda “Made in Azerbaijan” brendi altında, ilk dəfə olaraq dərman vasitələrinin ixracını həyata keçirəcəyik.
Beləliklə, şirkətimizin fəaliyyəti tam olaraq, dərman vasitələrinin hazırlanması üçün elmi-tədqiqat işlərindən, yüksək texnologiyalı dərman vasitələrinin yerli istehsalı və Azərbaycanda satışı ilə bərabər digər xarici ölkələrə ixracından ibarət olacaq.
– Şirkət tərəfindən istehsal olunan dərmanlar hansı xəstəliklərin müalicəsində istifadə olunur və gələcəkdə bazara hansı dərmanları gətirməyi düşünürsünüz?
-Şirkət ilkin mərhələdə bəzi sadə tərkibli dərmanların istehsalını həyata keçirir. Bu dərmanlar, əsasən, antibiotiklər və göbələk əleyhinə olan preparatlardır. Biz artıq test mərhələsini uğurla başa vurmuşuq. Tezliklə urologiya, endokrinologiya, hematologiya, onkologiya və s. başqa sahələrdə də bir sıra digər molekulların istehsalına başlayacağıq. Yaxın 5 il ərzində “Parla Pharmaceuticals”, 400-dən çox molekulun istehsalını həyata keçirəcək.
– Pandemiya dövründə bəzi dərmanların müəyyən mənada çətinliklə tapılması əhali arasında narahatlığın yaranmasına gətirib çıxardı. “Parla Pharmaceuticals” şirkətinin fəaliyyəti gələcəkdə bu kimi forsmajor hallar qarşısında çətinliyi minimuma endirəcəkmi?
– Əlbəttə. Ümumiyyətlə, ölkədə “Parla Pharmaceuticals” və ya başqa istehsalçılar tərəfindən, dərmanların yerli istehsalının aparılması əhali arasında dərman vasitələrinin çatışmazlığı riskini azaldacaq. Misal olaraq pandemiyanın ilk aylarında bəzi xarici dərman istehsalçıları daxili bazarlarında artan tələb səbəbiylə ixracatlarını dayandırdılar. Biz isə nəinki Azərbaycan daxilində tələbatı qarşılayacağıq, eyni zamanda yerli istehsalı xarici ölkələrə də ixrac edəcəyik.
Nəticə etibarilə, ölkədə dərman çatışmazlığını minimuma endirəcək və zəruri dərman preparatları hər zaman əlçatan olacaq. Ümid edirəm ki, “Parla Pharmaceuticals”-dan sonra digər istehsalçılar da Azərbaycanda fəaliyyətə başlayacaqlar. Bu, gələcəkdə sözügedən riskin azalmasına zəmin yaradacaq.
– Son olaraq şirkətin fəaliyyətinin, Azərbaycan brendi kimi tanıdılması, ölkəmizə iqtisadi-sosial sferada nələr qazandıracaq?
– Cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva dəfələrlə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və buna öz dəstəklərini nümayiş etdiriblər. Ölkəmizin neft-qaz sektorundan asılılığının azaldılması və maddi vəsaitin qeyri-neft sektorunun inkişafına yönəldilməsi çox önəmli məsələdir. Aydın görünür ki, Azərbaycan bu istiqamətdə uğurla irəliləyir və lazımi tədbirlər həyata keçirilir.
“Parla Pharmaceuticals” da bu böyük tərəqqinin bir hissəsi olmaq üçün çalışır. İlk gündən “Parla Pharmaceuticals” qlobal əczaçılıq biznesində mühüm rol oynamağı qarşısına məqsəd qoyub. Bu məqsədlə biz, daha çox ixrac fəaliyyəti həyata keçirməliyik. Çünki hədəfimiz 2030-cu ilin sonunadək qeyri-neft sektorunda Azərbaycanın ən böyük ixracatçılarından biri olmaqdır.
Bu isə öz növbəsində, ölkəmiz üçün daha çox iş yerləri, daha çox maliyyə dövriyyəsi və vergi deməkdir. “Parla Pharmaceuticals” eyni zamanda elmi-əsaslı farmakologiya, biologiya, biotexnologiya, mühəndislik sahəsində təhsil və bilik səviyyəsinin artırılmasına da töhfə vermiş olacaq. Bu, ölkəyə daha çox investisiya cəlb edəcək və Azərbaycan bayrağını bütün dünyada qabaqcıl əczaçılıq istehsalçısı kimi dalğalandıracaq.