Dərindən düşünüb həyatımızı islah etmək, yoxsa ola biləcəyimizdən daha azı ilə kifayətlənmək?
Düşünmə insan həyatında çox böyük və əvəzsiz rola malik bir amildir. Hər birimiz müəyyən düşüncəyə malikik və hər birimizin düşüncə tərzi dünyanı dərk etməkdə mühüm rol oynayır.
Hər an bizim ətrafımızda, sosial və ya fiziki mühitdə özümüzdən asılı olaraq və ya qeyri-iradi müəyyən proseslər baş verir. İnsan beyni müxtəlif duyğu orqanları vasitəsilə bu hadisələri dərk edir. Bu da insan beynində müəyyən inikasın yaranmasına səbəb olur. Daha sonra isə insan öz əqli ilə bu inikasdan müəyyən təhlillər edir və düşüncə tərzini formalaşadırır. Nəticə etibarı ilə isə düşüncə tərzimizin təsiri ilə xarakterimiz formalaşır. Bu baxımdan xarakterimizin düşüncə tərzimizin məhsulu olduğunu söyləyə bilərik. Ümumi olaraq götürsək, düşünmə fikirlərimizi şüurlu şəkildə idarə etməyimizdir.
Hər zaman cəmiyyətdə müxtəlif düşüncələr mövcud olur. Tez-tez bu və ya digər insanın dar və ya geniş düşüncəyə sahib olduğu haqqında eşidirik. Ümumilikdə dar və ya geniş düşünmə birbaşa insanın fəaliyyəti və dünyaya, hadisələrə baxışı və təhlil etməsi ilə əlaqədardır. Nədir, dar və geniş düşünmə?
İnsanın başına gələn bir çox problem, həmçinin, xeyir onun düşüncəsi ilə bilavasitə əlaqədardır. İnsan sosial varlıqdır. Cəmiyyət içərisində yaşayır, fəaliyyət göstərir, insanlarla daim əlaqə və ünsiyyət prosesində olur. Eyni zamanda ətrafında baş verənlərə müəyyən reaksiya vermək zərurəti ilə üzləşir və ya verməməklə laqeydlik nümayiş etdirir. Qeyd edək ki, ətrafda baş verən proseslərə laqeyd olub-olmamağın özü də düşüncənin bir növüdür.
Ətrafımızda baş verənləri bir kub şəklində təsəvvür edək. Bir çox insan kubun çoxtərəfli olduğunu unudaraq, onun bir tərəfində durub baş vermiş hadisə haqqında fikir yürütməklə kifayətlənirlər. Halbuki bu amil insanlar arasında ən çox anlaşılmazlıqlara səbəb olma və ictimai münasibətləri zədələmə məziyyətinə sahibdir.
Əfsuslar olsun ki, yaşadığımız cəmiyyətdə dar düşünmə faktorları xüsusilə genişdir. İnsanlar bir-birinin fikrinə hörmətlə yanaşmır, öz fikrinin haqlı olduğu halda, digər fikrin də haqlı ola bilmə ehtimalını nəinki qəbul etmir, həmçinin, bununla barışmırlar. Tanınmış amerikalı sosioloq Steven Kovey insanların cəmiyyətdə öz ətrafına təsirlilik gücündən danışarkən düşüncə tərzinə görə insanları iki qrupa bölür: reaktiv insanlar və proaktiv insanlar.
Reaktiv düşüncəli insanlar mövcud duruma qarşı daim tənqidi yanaşan, başına gələn çətinliklərin, problemlərin səbəbini və həll yollarını kənarda axtaran insanlardır. Bir çoxlarımız, özümüz belə fərqində olmadan məhz bu cür düşüncəyə sahib olduğumuzu hiss etmirik. Reaktiv düşüncəli insanlar tez-tez “kaş belə olaydı”, “bunu daha yaxşi edə bilsəydim”, “həyat yoldaşım daha anlayışlı olsaydı”, “müdirim daha az tələbkar olsaydı” kimi ifadələrə mürəciət edirlər. Bu cür düşüncəli insanlarda pessimizm hallarına rast gəlmək mümkündür. Həyatdan tez yorulmaq halları, insanlara qarşı anlayışsızlıq, öhdəsinə götürdüyü işdən çox tez və asanlıqla soyuma, sona kimi aparıb başa çatdırmama və ya könülsüz olaraq icraetmə halları bu cür düşüncəli insanlara xarakterikdir. Onlar hadisələrə yanaşmasında qeyri-dəqiq olur, məsuliyyəti başqalarında axtarır, bununla da özlərini sığortalamağa çalışırlar.
Proaktiv düşüncəli insanlar isə geniş düşüncəli insanların ən bariz nümunəsidirlər. Bu tip düşüncəyə malik insanlar hər zaman özlərini kontrol etməyə və özlərini içəridən islah etməyə üstünlük verir, öz daxili səslərinə qulaq asar, məsələnin həll yollarında ətrafdakıların nə edəcəklərini deyil, özlərinin hansı töhfəni verə biləcəklərini, hansı səmərəli addımlar ata biləcəklərini düşünürlər. Bu tip düşüncə sahibi insanlar hər zaman özlərinə inam hissinə sahib olmaqla yanaşı, ətrafdakılara da müsbət enerji verirlər. Bu tip insanlar “edə bilərəm”, “bacararam”, “həyat yoldaşımla daha gözəl münasibət yarada bilərəm”, “işdə tapşırıqları daha dəqiq yerinə yetirə bilərəm”, “təhsilimdə ən yaxşılardan biri ola bilərəm”, “insanlarla daha gözəl şəkildə ünsiyyət qura bilərəm” kimi söz və ifadələrə üstünlük verirlər.
Dar düşünmə insanın məhsuldarlıq qabiliyyətini aşağı salır, sosial əlaqələrinin zəifləməsinə səbəb olur, ünsiyyət prosesində bir sıra problemlər yaradır. Təbii ki, bununla da razılaşmaq lazımdır ki, insanın dünyagörüşü, informasiya genişliyi onun düşüncə tərzinin inkişafında çox mühüm əhəmiyyət kəsb edir. Düşüncələrimizi düzgün istiqamətləndirmək istəyiriksə, həyata geniş baxmaq, müxtəlif prizmalardan təhlil etmək istəyiriksə, o zaman çoxlu sayda informasiyaya malik olmamız, insanlarla sosial əlaqələrimizi hər zaman gücləndirməyimiz, hər zaman yeni məlumat, elm axtarışında olmağımız labüd şərtdir.
İnsan düşüncələrinin ağasıdır, onların düzgün səmtə yönəltmək, dar və ya geniş düşünmək də onun öz əlindədir. Həyatımız müxtəlif rəngarəng hadisələrlə zəngindir. Bu həyatda bu vaxta qədər hər birimiz bir çox yanlışlığa yol vermişik. Lakin xoşbəxt olmaq, daha gözəl yaşamaq, daha gözəl düşünmək, insanlara öz düşüncələrimiz və düşüncələrimizin əməli fəaliyyətimizə olan təsiri ilə daha çox təsir etmək, onları sevmək və sevindirmək, yaxınlarımıza, ətrafımıza gözəllik və sevinc bəxş etmək və onları da gözəl və geniş şəkildə düşünməyə vadar etmək bizim öz əlimizdədir.
Həqiqi düşünmə və düşündürmə, həm özünü, həm də düşündürdüyünü xilas edə biləcək, problemlər qarşısında dayanıqlı olmağa yardımçı olacaq ən təsirli qüvvələrdəndir. Seçim öz əlimizdədir. Dərindən düşünüb həyatımızı islah etmək, yoxsa ola biləcəyimizdən daha azı ilə kifayətlənmək?
Əgər dəyişmək istəyiriksə, o zaman səmimi şəkildə özümüzə etiraf etməliyik: “Bu gün belə olmağımızın səbəbi dünən etdiyimiz seçimlərdir. Demək, başqa seçimlər etməliyik”. Gəlin, bu haqda düşünək.
Dr. Afət Əsgərzadə
Aquamarine Mərkəz
Frame.az