EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzi “Dəyirmi masa” layihəsinə start verib

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsinə start vermişdir.
Layihənin ilk tədbiri noyabr ayında reallaşdırılmış və ümumi bir mövzuya – muğamlarda qəzəllərdən düzgün istifadə prinsiplərinə həsr edilmişdir.
Layihənin növbəti tədbiri “Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri” adlanırdı. “ Dəyirmi masa”nın növbəti tədbiri AMEA-nın Folklor İnstitutu ilə birgə keçirildi.  AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov tədbiri açaraq qeyd etdi ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus sahəsidir. Aşıq yaradıcılığı aşıq musiqisi ilə bərabər şifahi xalq poeziyası nümunələrini və dastan ənənəsini də özündə birləşdirir.
 Aşıq sənətinin Azərbaycan xalqının milli etnoqrafik köklərində oynadığı müstəsna rol haqqında danışan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı dedi: Ulu öndər Heydər Əliyev Dədə Qorqud eposunun 1300 illiyi ilə bağlı çıxışında məşhur bir ifadə söyləmişdi.”Dədə Qorqud və ozan aşıq mədəniyyəti bizim milli dəyərlərimizin, milli mənəvi varlığımızın ən mötəbər qaynağıdır”.Cənab prezident İlham Əliyevin Gədəbəydə aşıq məktəbinin açılışı zamanı“Aşıq sənəti bizim milli sərvətimiz və milli sənətimizdir” deyə vurğuladı. Çıxış edənlər aşıq sənətinin müxtəlif tarixi mərhələlərindən keçib xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirdiyini və  2009-cu ildə Azərbaycan aşıq sənətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan xalqının mənəvi mədəni sərvəti kimi YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini qeyd etdilər.
Aşıq yaradıcılığına həsr olunmuş “Dəyirmi masa” folklora, aşıq sənətinə həsr olunacaq tədbirlər silsiləsinin başlanğıcıdır. Ayın 13- də keçirilən “Dəyirmi masa”da Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, filologiya üzrə elmlər doktoru, folklor İnstitutunun baş elmi işçisi Seyfəddin Qəniyev, aşıq Cahangir Quliyev, professor, əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, sənətşünaslıq elmləri doktoru, professor İradə Köçərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıqşünas, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı, Şirvan aşıqlarının rəhbəri,aşıq Ağamurad İsrafilov, filologiya üzrə fəlsəfə doktoru, ifaçı aşıq Altay Məmmədli, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıqşünas Hafiz Kərimov və aşıq Ramin Qarayev, Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək aşıq yaradıcılığına həsr olunmuş dəyirmi masanın əhəmiyyətindən danışdılar.
Sonda tədbirin aparıcısı Muxtar İmanov “Dəyirmi masa “nın təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Muğam Mərkəzinə və onun direktoru , xalq artisti Murad Hüeynova bu nəcib təşəbbüsə görə öz minnətdarlığını bildirdi.

“Dəyirmi masa”nın növbəti tədbirləri haqqında kütləvi informasiya vasitələrinə  məlumat veriləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!