Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihənin ilk konserti tamaşaçılara təqdim olunub
Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Tədbirdə qeyd olundu ki,aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik unikal hadisəsidir. Bu sənət tarixi inkişafında müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qeyd edilib ki, dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında 7 dastan sənətsevərlərə təqdim olunacaq.
Daha sonra Aşıq Qələndər Zeynalovun ifasında “Alı xan və Pəri xanım” dastanı təqdim olunub. Aşığı balabanda Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edib.
Aşıq sənətinin digər növlərindən fərqli olaraq dastan janrında aşıq həm dastanı nəql edir,həm də müxtəlif aşıq havalarını ifa edir.Aşığın istedadından asılı olaraq dastanda cərəyan edən hadisələr,onun süjet xətti dinləyicilərə çatdırılır.Aşıq dastanın əsas süjet xəttini,hadisələri dəyişməsə də ona özünün improvizə xarakterli əlavələrini də edir ki,dinləyicilər bəzən 2 saata qədər davam edən məclisdə yorulmasın. Bu zaman aşığın nitq qabiliyyəti,şerləri həm müxtəlif havalar üstündə,həm də şer formasında dəqiq,xüsusi intonasiya ilə demək bacarığı,aktyorluq qabiliyyəti xüsusi rol oynayır.Məclisi ələ almağın ən gözəl üsullarından biri də aşığın təhkiyə-yəni nəql etmə bacarığının yüksək olmasıdır ki,bu tələblərə aşıq Qələndər cavab verirdi.
Beynəlxalq Muğam Mərkəzində tamaşaçılara təqdim olunan “Alı xan və Pəri xanım” dastanı xalq arasında ən çox yayılan və sevilən dastanlardan biridir.Əsas mövzusu məişətdən gələn,ancaq əslində bir sevgi dastanı olan bu əsər uzun illər aşıqların şifahi yolla,ustad-şagird ənənəsi vasitəsi ilə günümüzə gəlib çatmışdır.
Konsert aşıq musiqisi həvəskarları tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
Mayın 16-da aşıq musiqisinə həsr olunmuş “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Yeni səslər,qədim havalar” adlı növbəti tədbir keçiriləcəkdir.
Biletləri şəhərimizin kassalarından,”ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərsiniz.
Frame.az