Dirijor ƏYYUB QULİYEV Opera və Balet teatrının baş dirijoru və musiqi rəhbəri təyin olunmuşdur
Azərbaycan Respublikasının Əməkdar artisti, Respublika Prezidenti mükafatçısı, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
Əyyub Quliyev 1999-2005-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsində, 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında, 2008-ci ildə isə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almışdır.
Hələ Bakı Musiqi Akademiyasının tələbəsi ikən o dirijor kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Ə.Quliyev 2011-ci ildən çalışır. Hazırda Teatrın repertuarında olan bir çox opera və balet tamaşalarını böyük uğurla idarə edir.
Ə.Quliyev çox gənc yaşlarından bir sıra hökumət mükafatlarına layiq görüllmüşdür. 1998-ci ildə Respublika Prezidentinin sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” yazılmış və o, Prezident təqaüdünə layiq görülmüşdür. 2002-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun təsis etdiyi “İlin ən yaxşı tələbəsi” nominasiyasının, 2006-cı ildə Azərbaycan Milli mədəniyyət mərkəzinin “Uğur-2006” mükafatının, 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatının, 2015-ci ildə “Humay” Milli mükafatının qalibi olnuşdur.
Əyyub Quliyev geniş konsert fəaliyyəti ilə də məşğul olur. O dünyanın bir çox ölkələrində – ABŞ, Böyük Britaniya, Avstriya, Almaniya, Slovakiya, İspaniya, Çexiya, İtaliya, Rumıniya, Yunanıstan, Polşa, Norveç, Litva, Rusiya, Ukrayna, Belarus, İran, Türkiyə və s. çoxsaylı qastrol səfərlərində olmuş, bir sıra nüfuzlu orkestlər – B.Safonov adına Filarmonik orkestr (Rusiya), Rumıniya Filarmonik orkestri, London Kral Filarmonik orkestri, Vyana Dövlət Kamera orkestri, Slovakiya Dövlət Kamera orkestri, Türkiyə Prezident Simfonik orkestri, A.Toskanini adına Filarmonik orkestri (İtaliya), Novosibirsk Filarmonik orkestri (Rusiya). Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri və s. çıxış etmiş və Azərbaycan simfonik musiqi sənətini ləyaqətlə təmsil etmişdir.
Gənc və istedadlı dirijor həm də pedaqoji fəaliyyətlə məşğul olur. Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor dirijorluğu” kafedrasının dosentidir.
Frame.az