“Donorluq mədəniyyətinin inkişafında gənclərin rolu” adlı maarifləndirici tədbir keçirilib
Cari ilin 2 may tarixində YAP Səbail rayon təşkilatı, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Donorluq mədəniyyətinin inkişafında gənclərin rolu” adlı maarifləndirici tədbir keçirildi.
Qərb Universitetində keçirilən və “8 may – Beynəlxalq Talassemiya Günü”nə həsr olunan tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov məlumat verdi ki, mayın 5-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Səbail rayonunda qanvermə aksiyası keçiriləcəkdir.
Bu görüşün də əsas məqsədi donorluq mədəniyyəti, qanvermə prosesi haqqında maarifləndirmənin xüsusən gənclərimiz arasında genişləndirilməsi və təşviq olunmasından ibarətdir. Aparat rəhbəri diqqətə çatdırdı ki, Azərbaycan xalqı tarixən öz nəcibliyi, xeyirxahlığı ilə fərqlənmişdir.
Bu gün Azərbaycanda talassemiya xəstəliyi ilə mübarizə istiqamətində ciddi addımlar atılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin tikilib istifadəyə verilməsi, cənab Prezident İlham Əliyevin “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramını təsdiq etməsi dediklərimizin əyani sübutudur. Hər bir şüurlu vətəndaş mövqeyinə malik olan insan bu xeyirxah işə öz töhfəsini verməlidir. Gənclərimiz isə bu işdə, bu missiyada ən ön sıralarda olmalıdırlar. YAP Səbail rayon təşkilatı tərəfindən irəli sürülən bu təşəbbüsün də əsas məramı hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara kömək etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Daha sonra qan donorluğunun təşviqinə həsr olunan videofilm nümayiş olundu.
Çıxış edən Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Gülgün Abbasova qeyd etdi ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 200 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi vardır. Hər il respublikamızda 100-dən artıq uşaq bu xəstəliklə doğulur. Hemofiliya və talassemiya xəstələrindən başqa ümumiyyətlə xəstəxanada müalicə olunan hər on xəstədən birinə mütləq qan köçürülməsi tələb olunur. Bununla əlaqədar olaraq, ölkəmizdə qan donorluğunun artırılmasına ciddi ehtiyac var. Əhalinin yalnız 1%-i donorluğa cəlb olunsa, ölkəmizdə qan ehtiyacı problemi tamamilə həll oluna bilər. Bu səbəblə də məhz ilk növbədə gənclərimiz arasında donorluq mədəniyyətinin inkişafı məqsədilə bu səpkidə maarifləndirici tədbirlərin keçirilməsi zəruridir.
Çıxış edən Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti, YAP Səbail “Xalçaçılar” ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsul bugünkü tədbirin təşkil olunması üçün göstərdikləri dəstəyə görə YAP Səbail rayon təşkilatının rəhbərliyinə təşəkkür edərək, Azərbaycan Talassemiya Federasiyasının fəaliyyəti, qanların toplanılması ilə bağlı təşkilati məsələlər və federasiya tərəfindən bu zamana qədər görülmüş işlər haqqında məlumat verdi.
Mərkəzi Qan Bankının həkim-terapevti Günel Əliyeva qanvermənin insan səhhətinə təsirləri, qan donorluğunun qan xəstəliyindən əziyyət çəkən insanlar üçün nə dərəcəsə həyati əhəmiyyət kəsb etməsi haqqında danışaraq, ölkəmizdə “Talassemiyasız həyat” şüarı altında həyata keçirilən tədbirləri xüsusi qeyd etdi.
Tədbir iştirakçılarını və Səbail rayonunun bütün sakinlərini mayın 5-də YAP Səbail rayon təşkilatının qərargahında keçiriləcək və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edən rayon partiya təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Yeni Azərbaycan Partiyası üzvlərinin, xüsusilə bu partiya sıralarında cəmləşən gənclərin hər zaman bu səpkidəki xeyirxah aksiyalarda fəal iştirak etdiyi qeyd etdi. M.Nağıyev əminliyini ifadə etdi ki, Səbail gəncləri bundan sonra da bu kimi xeyirxah təşəbbüslərlə çıxış edəcəklər.
Tədbirin sonunda gənclərin mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırıldı.
Məlumat üçün qeyd edək ki, 05 may 2017-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı HEYDƏR ƏLİYEVİN anadan olmasının 94-cü ildönümü münasibətilə Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Səbail rayonunda qanvermə aksiyası keçiriləcəkdir.
Bütün Səbail rayonu sakinlərini Ümummilli Liderin əziz xatirəsinə həsr olunan bu xeyriyyə aksiyasında fəal iştirak etməyə dəvət edirik.
Səbail rayonunda “Qan ver, həyat xilas et!” qanvermə aksiyası
Tarix: 05.05.2017
Saat: 10.00-13.00
Yer: YAP Səbail rayon təşkilatının qərargahı
(Ünvan: Akademik A.Abbaszadə keçidi 132, AZ1004)
Əlaqə: Tel: 437-06-09; E-mail: info@yapsebail.az Frame.az