Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda müsabiqə elan edir.
Komitədən verilən məlumata görə, müsabiqənin təşkil edilməsində məqsəd medianın diqqətini ailə, qadın və uşaq mövzularına çəkmək, bu istiqamətdə media məkanında faydalı məlumatların yayılmasına, maarifləndirmənin aparılmasına və media nümayəndələri ilə uğurlu əməkdaşlığa töhfə verməkdir.
Ailə məsələləri, qadın hüquqları və gender bərabərliyi, uşaq hüquqları istiqamətləri üzrə aktual mövzular seçilə bilər.
Müsabiqəyə 2023-cü il 1 yanvar – 30 iyun tarixində yayımlanan (televiziya, qəzet, jurnal və informasiya agentlikləri və onlayn mediada) yazı və videomateriallar buraxılacaq. Həcmi 2000-10000 arası işarə, “Arial” 12 ölçüsündə “MS Word” sənədi şəklində olan yazılar (çap materialıdırsa PDF şəklində), müddəti 1-5 dəqiqə arası olan süjetlər (link qeyd edilməklə) Azərbaycan və rus dillərində təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyən media nümayəndələrindən iyunun 30-dək dərc və ya nümayiş edilmiş materialları “Müsabiqəyə təqdim olunur” başlığı ilə: ad və soyadı, işlədiyi media subyektinin adı, əlaqə nömrəsi, yayımlanan yazı və ya videomaterialın linkini əlavə edərək, informasiya.aqupdk@scfwca.gov.az ünvanına göndərmək xahiş olunur. Hər müəllif müsabiqəyə yalnız bir material təqdim edə bilər.
Martın 1-dən iyulun 1-dək tarixlərini əhatə edəcək müsabiqənin nəticələri 22 iyul – Milli Mətbuat Günündə elan olunacaq.
Müsabiqəyə qəbul edilən materiallardan 10 ən uğurlu iş müsabiqə komitəsi tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə zamanı mövzunun aktuallığı, dolğun əhatə edilməsi, faktlardan istifadə və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, konkretlik, maarifləndiricilik və informasiyalılıq, cəmiyyətə nümunəvi, pozitiv mesajın ötürmə dərəcəsi, problemə fərqli yanaşma kimi meyarlar nəzərə alınacaq. Qaliblər diplom və hədiyyələrlə (noutbuk) mükafatlandırılacaq.
Maraqlananlar əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər:
Telefon: (+99412) 498 80 93
E-mail: informasiya.aqupdk@scfwca.gov.az .