Dövlət tibb müəssisələrinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak ediblər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində cari ilin 29 may – 9 iyun tarixlərində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunub. Təlimin keçirilməsində məqsəd xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinin hazırkı idarəetmə mexanizmini beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır.
Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimdə Agentlik və TƏBİB-in əməkdaşları, həmçinin 12 dövlət tibb müəssisəsinin (Masallı, Abşeron, Tərtər, Göygöl, Zaqatala, Salyan, Bərdə rayon mərkəzi xəstəxanalarının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, habelə Suraxanı, Sabunçu tibb mərkəzlərinin, Yeni Klinika, Respublika Klinik Xəstəxanasının) direktor və müavinləri iştirak edib.
Tibb elmləri fakültəsinin Səhiyyənin idarə edilməsi bölməsinin professorları tərəfindən keçirilən təlimdə səhiyyə iqtisadiyyatı və iqtisadi qiymətləndirmə, layihənin qiymətləndirilməsi, beynəlxalq səhiyyə siyasəti və islahatlar kimi mövzular tədris olunub.
Təlimçilər həmçinin iştirakçıları maliyyə təhlili, səhiyyə informasiya sistemlərinin idarə edilməsi, tibbi mühasibat, qərar vermə metodları, liderlik və idarəetmə bacarıqları, insan resurslarının idarə edilməsi, keyfiyyətin idarə edilməsi və akkreditasiya, pasiyent və işçilərin təhlükəsizliyi ilə bağlı Türkiyə təcrübəsi haqqında məlumatlandırılıblar.
Bununla yanaşı, təlim iştirakçıları tədris edilən mövzular üzrə əyani tanışlıq üçün Bilkent Şəhər Xəstəxanasını, Ankara Universitetinin Tibb fakültəsinin İbn Sina Xəstəxanasını və Ankara Etlik Şəhər Xəstəxanasını ziyarət ediblər. Təlim iştirakçılarına xəstəxanaların fəaliyyəti haqqında ətraflı məlumatlar verilib.
Qeyd edək ki, ötən il Ankara Universitetində keçirilən anoloji təlimdə 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti iştirak edib.