Sentyabrın 29-da Dövlət Turizm Agentliyinin “Aşpazlar üçün pilot tədris qrupunun yaradılması” layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi, “CASA Baku” Kulinariya Məktəbi ilə birlikdə reallaşdırılan layihənin əsas məqsədi qastronomiya turizminin inkişafı, milli kulinariya komandasının kadr potensialının və ümumilikdə kulinariya təhsilinin inkişafı istiqamətində işlərin gücləndirilməsidir. Layihə çərçivəsində 2023-2024-cü tədris ili üçün xüsusi bacarıqları olan 20 tələbəyə peşə təhsili səviyyəsində bir il ərzində “Aşpazlıq” ixtisası üzrə “CASA Baku” Kulinariya məktəbinin mütəxəssisləri ilə yanaşı, digər yerli və xarici mütəxəssislər tərəfindən praktik və nəzəri dərslər keçiriləcək.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, “CASA Baku” Kulinariya Məktəbinin direktoru Kelvin Chong, tərəfdaş təşkilatların təmsilçiləri iştirak ediblər. Qeyd olunub ki, milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində Agentlik tərəfindən çoxistiqamətli işlərin həyata keçirilir. Qastroturizmin inkişafı Azərbaycanın yalnız milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Bu baxımdan, dünya miqyaslı yerli və xarici baş aşpazların azərbaycanlı tələbələrə öz bilik və təcrübəsini bölüşməsi onların inkişafı naminə misilsiz xidmət olacaq.
Qeyd edək ki, pilot qrup üçün dərslər zəngin tədris təcrübəsinə və kulinariya sahəsində beynəlxalq statusa malik aşpazlar, həmçinin milli kulinariya üzrə mütəxəssislər tərəfindən keçiriləcək. Layihənin uğurlu keçəcəyi təqdirdə, bu proqramın aşpazlıq üzrə tədrisin təşkilinə nümunə olması və bütün ölkə üzrə tətbiqi planlaşdırılır.
Yeni yaradılmış qrup üzvləri üçün dərslərin təşkilində “CASA” Baku” Kulinariya məktəbinin maddi-texniki imkanlarından istifadə ediləcək. Bu qurum Azərbaycanda “Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi” tərəfindən akkreditasiya olunmuş yeganə təhsil müəssisəsidir. Məktəbin təhsil proqramları London İnstitutunun “City & Guilds” Beynəlxalq Təşkilatı və Dünya Aşpazlar Assosiasiyası tərəfindən akkreditə olunub ki, bu da məzunların təkcə Azərbaycanda deyil, beynəlxalq bazarlarda da işlə təmin olunmasına şərait yaradır.
Tədbirdə pilot qrupun iştirakçılarına tələbə vəsiqələri paylanılıb. Sonra Kulinariya Mərkəzinin mətbəxində fakültənin müəllimləri tərəfindən tələbələrə ilk praktik və nəzəri dərslər keçirilib.