TurizmTəqdimat

Dövlət Turizm Agentliyinin təmsilçisi ICOMOS-un Baş Assambleyasına həmsədr seçilib

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Baş Assambleyasının həmsədri seçilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, təşkilatın oktyabrın 25-31-də Tailand Krallığının Banqkok şəhərində keçiriləcək Baş Assambleyasında ICOMOS Azərbaycan Milli Komitəsi ilk dəfə həmsədr qismində iştirak edəcək. ICOMOS-un prezidenti xanım Teresa Patricionun sədrliyi ilə keçiriləcək Assambleyaya Azərbaycanla yanaşı ICOMOS-un Avstraliya Milli Komitəsi həmsədrlik edəcək.

Maddi-mədəni irsin qorunması üzrə dünyada nüfuzlu beynəlxalq təşkilat olan və baş qərargahı Fransanın Paris şəhərində yerləşən ICOMOS-un Baş Assambleyası qurumun illik keçirilən əhəmiyyətli tədbiri hesab olunur. ICOMOS-un Baş Assambleyasının iclasında təşkilatın gələcək fəaliyyət istiqamətləri, yeni xartiyaların qəbulu, milli komitələrin fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq.

1965-ci ildə təsis edilən ICOMOS maddi-mədəni irsin qorunması, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində ixtisaslaşmış dünya miqyaslı qeyri-hökumət təşkilatıdır. UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 153 ölkədən 10 mindən çox mütəxəssis üzvü özündə birləşdirir.

ICOMOS Azərbaycan Milli Komitəsi 2021-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə fəaliyyətə başlayıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!