Dövlət Neft Şirkətində (SOCAR) növbəti qanvermə aksiyası keçirildi
Dövlət Neft Şirkətində (SOCAR) növbəti qanvermə aksiyası keçirildi.
Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasında növbəti dafə könüllü qanvermə aksiyası keçirilib.
Aksiyada idarənin əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü olaraq qan veriblər. Aksiyada iştirak edənlər könüllü qan verməyin xeyirxah, savab iş və vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Aksiya ümumilikdə 2017-ci il may ayınadək davam edəcək və şirkətin bütün idarə və müəssisələrini əhatə edəcəkdir.
Qeyd edək ki, 2009-cu ildən etibarən SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında fəal iştirak edir. İndiyədək şirkətin 27573 nəfər əməkdaşı bu humanist aksiyaya qoşularaq qan vermişdir.
Qan vermə aksiyaları və marifləndirici tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” adlı layihəsi çərçivəsində həyata keçirilir.
Belə ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan dəyirmi masadan sonra çox saylı Dövlət və Kommersiya təşkilatları qan vermə aksiyalarına qoşulmuşdur. Məlumdur ki, hal-hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və bu pasiyentlərin həyatı kütləvi keçirilən qanvermə aksiyalarından asılıdır.
Qeyd edək ki, Talassemiya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Talassimiya pasiyentləri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.
Hər dəqiqə hər birimizlə qan itkisi ilə müşaiyət olunan bədbəxt hadisə baş verə bilər. Qan vermə müəyyən vaxt tələb edir, lakin qan dərhal lazım olur. Bu səbəbdən, donorluğun təxirəsalınmaz deyil, müntəzəm olması çox mühümdür – bu yolla, o cümlədən fövqəladə hallarda zərərçəkmiş insanlar üçün qan komponentlərinin daimi ehtiyatını təmin etmək vacibdir.
Həyatda hər bir şey etmək mümkündür, lakin insanlara həyatlarını davam etdirməyə şans bəxş etmək – donorların daşıdığı möhtəşəm bir bacarıqdır!
Azərbaycan Talassemiya Federasiyası
Mətbuat xidməti
Frame.az