MədəniyyətTeatr

Dünya şöhrətli baletmeyster Sergey Gritsay Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Beynəlxalq layihə olan Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqləri uğurla davam edir. Tamaşanın xoreoqrafı, Rusiya Federasiyasının plastika üzrə məşhur rejissoru, Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay yeni səhnə əsərinin yaradıcı heyəti ilə fərdi və kollektiv məşqlərə başlayıb. “Azərbaycan Dövlət Musiqili Teatrında “Balaca şahzadə”nin hazırlanmasıyla bağlı təklif mənim üçün çox qəfil və gözlənilməz oldu. Mən tərəddüdsüz bu təklifi qəbul etdim. Çünki Azərbaycanda teatrlara, ümumilikdə mədəniyyətə neçə böyük bir dövlət dəstəyinin olduğunu bilirəm. “Balaca şahzadə”nin məşqləri çox gözəl atmosferdə davam edir. Tamaşanın musiqisi çox gözəldi. Musiqi o qədər dərin və çoxşaxəlidir ki, tamaşada janrları sintez etməyə imkan verir. Bizim məqsədimiz elə bir tamaşa hazırlamaqdır ki, ailənin bütün üzvləri – böyükdən kiçiyə hamı ona baxa bilsin. İnanıram ki, sonda istəyimizə nail olacağıq. Çünki tamaşa iki fəlsəfi nöqteyi-nəzərdən hazırlanır. Uşaqlar üçün sadə, anlaşılan birinci qat və bunun arxasında dayanan ikinci qat. Hansı ki, bu, böyüklər üçün nəzərdə tutulur. Əminəm ki, yaradıcı heyət qarşıya qoyulan məqsədə çatacaq”, – deyə tamaşanın xoreoqrafı, Rusiya Federasiyasının plastika üzrə məşhur rejissoru, Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay bildirib.

Qeyd edək ki, yeni səhnə əsərinin bəstəkarı Amerika Birləşmiş Ştatlarını təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, musiqi rəhbəri Əməkdar artist, Musiqili Teatrın Baş xormeysteri Vaqif Məstanov, quruluşçu rəssamı əsərləri müxtəlif Beynəlxalq sərgilərdə uğurla nümayiş olunan çox istedadlı gənc rəssam Məryəm Ələkbərli, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor asisstenti Sevinc Məmmədovadır. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova məxsusdur. Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Anton Ferştandt, Şövqi Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov, Atəş Qarayev və iki azyaşlı aktyor – Rahib Məmmədov və Atilla Məmmədov ifa edirlər. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!