DÜNYACA MƏŞHUR SƏYYAH İLK DƏFƏ XƏZƏR DƏNİZİNİ ÜZƏCƏK!
Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel “Qoliat” ekspedisiyasına Xəzər dənizindən davam edəcəklər. Onlar Xəzər dənizini sərhəddən-sərhədə üzməklə ilkə imza atacaqlar.
Belə ki, dəniz səyahəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, səyahət zamanı iki gənc üzgüçümüz, 15 qat respublika çempionları Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov səyyahlarla birgə üzəcəklər.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl bu missiyaya hələ 1998-ci ilin noyabrında 38.000 km-lik məsafəni qət etməklə başlamışdı. Həmkarı Anjela Maksvel demək olar ki, son 7 il ərzində 4 qitədə, 14 ölkədə olub, susuz səhraları, başı qarlı dağları gəzərək ümumilikdə 32,186 km məsafəni qət edib.
Səyyahlar yaxın günlərdə Aktau yaxınlığındakı sahildən yola çıxıb təxminən bir ay ərzində Bakıya çatmağı planlaşdırırlar.
Daha sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya doğru irəliləməyi və səyahətlərini Böyük Britaniyada yekunlaşdırmağı planlayırlar.