EHİM əməkdaşı olmuş şəhidimiz Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş sayca 2-ci şahmat turniri keçirilib
19-22 aprel 2022-ci il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən şəhidimiz Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş sayca 2-ci şahmat turniri keçirilib.
Turnir EHİM-in Data laboratoriyası departamentinin əməkdaşı olmuş və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Rəşad Mehdiyevin ad günü ərəfəsində reallaşdırılıb.
Şahmat turnirində ümumilikdə EHİM-in və “ASAN xidmət” mərkəzlərinin ümumilikdə 76 əməkdaşı iştirak edib. Turnirin birinci mərhələsi İsveçrə üsulu ilə https://lichess.org/ onlayn şahmat platforması üzərindən təşkil edilib. 1-ci turda ən yüksək xal toplamış 10 nəfər final mərhələyə vəsiqə qazanıb. Final mərhələsində istirak etmiş 10 nəfər ilə dairəvi üsulla toplamda 9 görüş keçirilib.
Turnirin mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilk yerləri qazanmış iştirakçılara medal və sertifikatlar təqdim edib.
Tədbirdə şəhidimizin atası Rəhman Mehdiyev oğlunun əziz xatirəsinin uca tutulmasına öz təşəkkürünü bildirib, qalibləri təbrik edib.
Şahmat turnirinin qalibləri isə aşağıdakı kimidir:
• 1-ci yerin qalibi – Məmmədcamal İsmayılzadə, EHİM
• 2-ci yerin qalibi Tofiq Haqverdiyev, 3 saylı “ASAN xidmət” mərkəzi
• 3-cü yerin qalibi Ümid Süleymanov, EHİM
• 4-cü yerin qalibi Səid Ağalarov, Sabirabad “ASAN xidmət” mərkəzi
Qeyd edək ki, EHİM-də hazırda şəhid Rəşad Mehdiyevin adına konfrans otağı fəaliyyət göstərir. Şəhidimizin qardaşı Cümşüd Mehdiyev eyni departamentdə fəaliyyət göstərir.
Rəşad Mehdiyev Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olub.Onun adının əbədiləşdirilməsi məqsədilə ilk dəfə 2021-ci ildə keçirilən şahmat turnirinin şəhidin anım günü ərəfəsində hər il həyata keçirilməsi nəzərdə tutulur.