EMIN beynəlxalq səhnəyə “Now or Never” albomu ilə qayıdır
Müğənni EMIN əfsanəvi Elvis Preslinin yaradıcılığından ilhamlanaraq yeni “Now or Never” albomunu təqdim edib. Albomun prodüseri 16 dəfə “Qremmi” mükafatçısı, Uitni Hyustonun “I Have Nothing”, Toni Brekstonun “Unbreak my Heart” və Selin Dionun “Because You Loved Me” hitlərinin prodüseri Devid Fosterdir.
Reliz 2024-cü il fevralın 9-da keçiriləcək. Alboma yenidən işlənmiş 12 klassik kompozisiya daxil olacaq, onların arasında Nikol Şerzinqer, Katarina Makfi və Enqelbert Hamperdink ilə üç duet var.
“Mən musiqi karyerama Elvisi dinləyərək başladım və onun yaratdığı musiqini bəstələməyi öyrənirdim. Bu albom həyata keçirdiyim ən böyük arzumdur. Devid Fosterlə on il bundan əvvəl tanış olmuşam, bu görüş mənim üçün çox şeyi dəyişdi. Elvis Preslinin bir neçə mahnısını ifa etdiyimiz Sankt-Peterburqda Saray Meydanındakı birgə konsertimizdən sonra düşündüm ki, əməkdaşlığımızı davam etdirmək çox gözəl olardı. Uzun illərdən sonra biz Elvisin dahi mahnılarından bir neçəsini seçərək, bu heyrətamiz albomu yaratdıq. Devidin əli dəydiyi hər şey çox dəyərli və ən yaxşı olur. Bu albom da, həmçinin musiqi karyeramda gördüyüm işlərdən ən yaxşısıdır”, – deyə EMIN vurğulayıb.
“Now or Never” albomundan ilk rəsmi sinql “Blue Christmas” mahnısı olub. Bu mahnının satışından əldə edilən bütün vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.
“Bəzən səni sənətinə yenidən aşiq olmağa məcbur edən bir artist peyda olur. EMIN məhz bu qəbildəndir. O, bu on iki əfsanəvi mahnıya bütün gözəlliyi və ruhunu sərf edən çox gözəl artistdir. Albom sürprizlər və xatirələrlə doludur və hər şey EMIN-in yaradıcılıq ənənələrinə uyğundur. Mən əldə etdiyimiz nailiyyətlərlə çox fəxr edirəm və dünyanın bu albomu dinləməsini səbirsizliklə gözləyirəm”, – deyə Devid Foster bildirib.