EventsMədəniyyətOxu zalıTəqdimat

“Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi” adlı kitabın təqdimatı olub

Noyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə Baş İdarənin rəis müavini Nazim Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, bəstəkarın qızı Sevil Əmirova, musiqi məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Tədbir, sənətkarın adını daşıyan 6 nömrəli onbirillik İncəsənət məktəbinin hazırladığı videoçarxın nümayişi ilə başlayıb.

Aparıcı bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Fikrət Əmirovun anadan olmasının 100 illiyi bu gün ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və 6 nömrəli onbirillik İncəsənət məktəbinin direktoru Adelya Yusifova çıxış edərək bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan milli musiqisinə verdiyi töhfələrdən söhbət açıblar.

Çıxışlardan sonra F.Əmirovun 100, məktəbin 60 illik yubileyinə həsr olunmuş “Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi” adlı kitabın təqdimatı keçirilib.

Diqqətə çatdırılıb ki, üç fəsildən ibarət kitabda məktəbin yaranması, burada keçirilmiş tədbirlərlə yanaşı, Azərbaycan incəsənət xadimlərinin bu təhsil ocağı haqqında xatirələri, ürək sözləri də yer alıb.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin və məzunlarının ifasında konsert proqramı təqdim edilib.

Sonda məktəbin “Odlar Yurdu” rəqs ansamblının təqdim etdiyi “Koroğlu” operasından və F.Əmirovun “Gözün aydın” (xoreoqraflar Z.İbrahimova, T.Mustafayev) operettasından rəqslər alqışlarla qarşılanıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!