EkologiyaEventsIqtisadiyyatSosialTəqdimat

Türkiyədə meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında…

Qarabağ bərpa edilərək əvvəlkindən daha da gözəl və yaşıl olmalıdır! Bu, bizim mənəvi borcumuzdur.

Frame.az xəbər verir ki, bu fikirləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. O vurğulayıb ki, avqustun 2-də Böyük Britaniyanın “The Guardian” nəşri Türkiyə hakimiyyətinin dünya ictimaiyyətini on minlərlə hektar ərazini məhv edən dəhşətli yanğınlara qarşı mübarizədə onlara yardım göstərməyə çağırması barədə xəbər dərc edib. Avqustun 3-də isə Türkiyənin “Daily Sabah” nəşri meşələri bürüyən alovla mübarizədə dost və müttəfiqlərinin Türkiyəyə kömək etdiklərinə dair xəbər yayıb. Artıq dəstək göstərən ölkələr arasında qardaş Azərbaycan, Rusiya, Ukrayna, İran, Xorvatiya və İspaniya var. KİV-in məlumatına görə, bu siyahıda Avropa İttifaqı yoxdur. Fransa və Yunanıstan isə yardım göstərməkdən imtina ediblər. Halbuki “Köhnə dünya” və Yaxın Şərq arasında bufer rolunu oynayan və müharibənin dəhşətlərindən qaçan qaçqın axınının qarşısını alaraq, uzun illər Avropa İttifaqına böyük dəstək göstərən məhz Türkiyə olub. “Sivil Qərbin” bu cür münasibəti kimisə təəccübləndirə bilər, amma məni yox. Bundan bir neçə həftə əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistana 2,6 milyard avro məbləğində maliyyə dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda, KİV-in məlumatına görə, yaxın 5 il ərzində Avropa İttifaqı Azərbaycana 150 milyon avroya yaxın vəsait ayırmağı planlaşdırır. Yəni, təxminən 17 dəfə az.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, biz bu dünyada, ilk növbədə, özümüzə arxalanmalıyıq. Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər. Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb. İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20 faizini məhv ediblər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, məhv edilmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var. Ancaq işğal illərində Azərbaycanın meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib. 44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha böyük zərbə vuruldu – ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi. Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın. 20 ildən artıq müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi? Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotrafikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, ərazilərimizə külli miqdarda mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi. Biz işğalın nəticələrinin aradan qaldırılmasında həmin “səssiz müşahidəçilərin” dəstəyinə ümid bəsləyə bilərikmi? Mən buna şübhə edirəm. Deməli, biz, ilk növbədə, özümüzə arxalanmalıyıq. Şükürlər olsun ki, dövlətimizin xarici donorlardan kömək gözləmədən bu işə başlamaq üçün kifayət qədər resursları var.

Rəhman Hacıyev, eyni zamanda, bildirib ki, erməni işğalçıların Qarabağa vurduğu zərər həddindən artıq böyükdür. Söhbət onlarla yaşayış məntəqəsindən – yer üzündən silinmiş kənd, qəsəbə və şəhərlərdən gedir. Söhbət bu torpaqları yaşayış və qayıtmağımız üçün tamamilə yararsız hala salmaq məqsədilə dağıdılmış və ya tamamilə məhv edilmiş minlərlə evdən və tarixi abidələrdən gedir. Söhbət kəsilərək Ermənistana aparılmış yüz minlərlə gözəl ağacdan, o cümlədən endemik ağaclardan gedir. Söhbət faydalı qazıntıların amansızcasına hasil edilməsi nəticəsində yaranan zəhərli maddələrin atılması üçün istifadə olunan minlərlə hektar ərazidən gedir. Bir sözlə, söhbət İkinci Dünya müharibəsi zamanı nasist işğalının fəsadları ilə müqayisə edilə biləcək zərərdən gedir. Mənə tez-tez sual verirlər: “Qarabağa nə vaxt qayıda biləcəyik?” Mən dəqiq tarixi bilmirəm, amma bir şeydən tam əminəm ki, əgər biz Qarabağın bərpası prosesini sürətləndirmək istəyiriksə, bu müqəddəs missiyada dövlətimizi dəstəkləməliyik. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış müvafiq platformamız var – Qarabağ Dirçəliş Fondu. Fonda ianə etməklə, hər birimiz Qarabağın bərpasına öz töhfəmizi verə bilərik. Bu, niyə təhlükəsizdir? Bunun bir neçə səbəbi var. Onlardan, sadəcə, bir neçəsi aşağıdakılardır:

– Fond hər il dövlətimizin başçısına öz fəaliyyəti və bütün xərcləri ilə bağlı hesabat verəcək;

– Fond, həmçinin hər il ictimaiyyət qarşısında hesabat verəcək, görülən işlər və xərclənmiş vəsaitlər barədə ictimaiyyəti məlumatlandıracaq;

– Fond hər il beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılacaq və auditorların rəyini dərc edəcək;

– Fond yığılan ianələrin bir qəpiyini də öz inzibati xərcləri (əməkhaqqı, ofis icarəsi və sair) üçün xərcləmir və xərcləməyəcək.

Bu, bizim Müşahidə Şuramız tərəfindən təsdiq edilmiş prinsipial mövqeyimizdir (bu barədə tezliklə daha ətraflı yazacağam).

Ona görə də bu yazını yekunlaşdırarkən yaşadığı ölkədən asılı olmayaraq bütün qardaş və bacılarımıza müraciət etmək istərdim: Əgər siz Qarabağın, onun gözəl, sıx meşələrinin, tarixi abidələrinin, ev, məktəb və xəstəxanalarının bərpası prosesini sürətləndirmək istəyirsinizsə, bu prosesə öz töhfənizi verərək dövlətin səylərini dəstəkləyin. Bunun üçün cəmi bir neçə kliklə Qarabağ Dirçəliş Fonduna ianə köçürmək kifayətdir. Hər qəpik dəyərlidir!

PS: Erməni işğalçıların Qarabağa vurduqları ziyan barədə ətraflı məlumatı “Karabakh.Center” saytında (üç dildə) oxuya bilərsiniz: Cinayət. Преступная деятельность. Crime.

Ermənilər tərəfindən dağıdılmış minlərlə ev, abidə, qəbiristanlıq və görməli yerin fotoşəkillərinə “Karabakh.Center” saytında (üç dildə) baxa bilərsiniz: Urbisid. Урбицид. Urbicide. https://www.youtube.com/watch?v=nSVgxTQV_V4&feature=emb_title

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!