Formula 1 çempionatının mətbuat xidməti Niderland Qran-Prisinin 2020-ci ildə keçiriləcəyini elan edib
Formula 1 çempionatının mətbuat xidməti yürüş təqviminə yenidən “Zandvort” trasında keçiriləcək Niderland Qran-Prisinin salındığını elan edib. “Zandvort. Biz gəlirik! Niderland Qran-Prisi qayıdır. 2020-ci ildə görüşərik”, – deyə Formula 1-in “Twitter” səhifəsində qeyd edilib.
Frame.az xəbər verir ki, sonuncu dəfə “Zandvort” trasında Formula 1 Qran-Prisi 1985-ci ildə keçirilib. Bundan əvvəl xəbər verilmişdi ki, Niderland Qran-Prisi təqvimdə İspaniya Qran-Prisini əvəzləyə bilər. Əgər Formula 1 ilə İspaniya Qran-Prisinin promouteri arasında razılaşma əldə olunmasa, o zaman Hollandiya mərhələsi üçün təqvimdə mayın əvvəllərində, Monako Qran-Prisindən qabaq yer təklif olunacaq. “Katalunya” trasında İspaniya mərhələsinin müqavilə müddəti 2019-cu ilin sonunda başa çatır. Bununla belə, İspaniya Qran-Prisi dövlət dəstəyini itirib.
Bəzi komanda rəhbərlərinin bundan çəkinməsinə baxmayaraq, mövsümdə yürüşlərin sayının artması variantı da istisna olunmur.