Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
Formula 1 rəhbərliyi elan edib ki, Macarıstan Qran-Prisi daha beş il – 2027-ci ildən 2032-ci ilə qədər yarış təqvimində qalacaq.
Formula 1 rəhbərliyinin yaydığı məlumata görə, yeni müqavilə yaxın illərdə yeni “pitstop” binası və əsas tribuna da daxil olmaqla “Hunqarorinq”də (Macar halqası) rekonstruksiya işləri aparılacağı barədə xəbərdən sonra bağlanıb.
“Macarıstan Qran-Prisinin daha beş il müddətinə uzadılması əla xəbərdir. Macarıstandakı promouterin infrastrukturun inkişafına sadiqliyi daha bir mühüm addımdır. Biz istəyirik ki, bütün tədbirlərimiz davam etsin və yarışlarımız daha yaxşı keçsin”, – deyə Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali bildirib.
“Hunqarorinq”in baş direktoru və prezidenti Jolt Gülayın sözlərinə görə, əsas “paddock” binasının, əsas tribuna və tamaşaçı zonalarının yenidən qurulması da daxil olmaqla trasın yenilənməsinin 2026-cı ilə qədər başa çatdırılması gözlənilir.