“Formula 1” üzrə Azərbaycan Qran-Prisi zamanı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq
Sentyabrın 13-15-də keçiriləcək “Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-si gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət sentyabr 17-si, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
-Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
-Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
-Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
-Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
-Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
-İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması avqustun 29-dan başlayıb sentyabrın 13-dək davam edəcək.
Hər il olduğu kimi, bu il də “Formula 1” üzrə Qatar Airways Azərbaycan Qran-Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.