Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Frame.az-a bildiriblər ki, nazirlik son günlər ölkəmizdə yeni növ koronavirusa yoluxma hallarının artmasını, hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərini yerinə yetirməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

“Özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayət edər:

Bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin;

Başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlayın;

Əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin.

Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngnəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!”, – deyə FHN-in müraciətində bildirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: