IqtisadiyyatSəyahətTurizmTəqdimatƏn SonƏn Son

Fuad Nağıyev: Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq

Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.

Frame.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev noyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən bəyan edib.

Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini, burada mövcud olan imkanların həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün önəm kəsb etdiyini vurğulayıb.

O, işğal dövründə turizm əhəmiyyətli məkanların böyük bir hissəsinin məhv edildiyini, tarixi məscidlər, türbələr və bu kimi digər qədim dini abidələrin erməni vandalizmi nəticəsində viran edilərək xarabalığa çevrildiyini bildirib. Fuad Nağıyev, həmçinin işğal edilmiş torpaqlarda 67 məsciddən 63-nün dağıdılması, məscidlərin tövlə kimi istifadə edilməsi faktları haqqında danışıb və bütün iştirakçıları bu vandalizmi və barbarizmi qınamağa çağırıb.

Eyni zamanda, DTA-nın sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə haqqında danışaraq, Azərbaycanı torpaqlarının azad edilməsi uğrunda apardığı haqq savaşında daim dəstəkləyən təşkilatın bütün üzvlərinə öz təşəkkürünü çatdırıb.

O bildirib ki, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılacaq. Fuad Nağıyev, həmçinin azad edilmiş torpaqlarda dayanıqlı turizmin inkişaf etdirilməsi və dağıdılmış İslam irsinin bərpası istiqamətində COMCEC-lə əməkdaşlıq çərçivəsində proqramların həyata keçirilməsinin məqsədəuyğun olacağını əlavə edib.

Fuad Nağıyev çıxışında son illərdə Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilməsi, pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün hökumət tərəfindən təqdim olunan iqtisadi və sosial dəstək paketi haqqında iştirakçılara məlumat verib.

Agentlik sədri iyun ayında Qəbələ şəhərində “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilməli olan, ancaq pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.

1984-cü ildən bəri hər il Türkiyə Respublikasının sədrliyi ilə İstanbulda təşkil olunan İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin sessiyasında bu il 35 ölkənin nümayəndə heyəti videokonfrans formatında iştirak edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!