Gəncə şəhəri üzrə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə uğurla başa çatdı
Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirildi.
Tədbirdə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev və idarənin məsul əməkdaşı Bəxtiyar Muradov layihənin mahiyyəti və cəmiyyət üçün faydasından söz açıblar. Vurğulanıb ki, gənclərimiz bu qədim sənət növünə dərindən yiyələnməli və onun təbliğində aktiv iştirak etməlidirlər.
Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği“ – bəndinə uyğun olaraq həyata keçirilir.
Layihənin əsas məqsədi – ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Layihənin tədris planı ölkəmizin bütün bölgələri üzrə 1 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub.
Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Tədbir Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirovun xalçaçılıq sənəti – onun yaranma tarixi, inkişaf mərhələsi və ornamentlər haqqında geniş mühazirəsi ilə davam edib. Həmçinin xana üzərində xovlu xalçanın toxunma texnaloğiyası haqqında da gənclərə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək. Layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.
Frame.az