Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yenidənqurma işləri aparılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) tabeliyində olan tibb müəssisələrinə səfər ediblər.
Səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Zaur Əliyev, və Vüqar Qurbanov Abbas Səhhət adına Xəstəxanada yeni yaradılan Nevrologiya və Terapiya şöbəsinin, Uşaq Xəstəxanasında Təcili yardım və Poliklinika şöbələrinin açılışında iştirak ediblər. Eyni zamanda Akademik Z.Məmmədov adına Xəstəxanada Təcili yardım, Reanimasiya, Cərrahiyyə şöbələri, Laboratoriya və əməliyyat blokunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Zaur Əliyevin sözlərinə görə həyata keçirilmiş yeniliklər vətəndaşların tibbi xidmətlərə əlçatanlığına xidmət edəcək: “Səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, tibbi xidmətlərin hər kəs üçün əlçatan olması Agentliyin əsas hədəflərindəndir. Təsadüfi deyil ki, açılışına qatıldığımız bu şöbələr də Agentliyin dəstəyi ilə yaradılıb. Düzgün diaqnozların təyini üçün əldə edilmiş KT (Kompüter Tomoqrafiya) və Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları ilə təminat tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artacağının göstəricisidir. Xidmətlər Zərfi ilə sinir sistemi xəstəliklərinin diaqnostika və müalicəsi təminata alınıb. Misal olaraq, kəskin və xroniki beyin qan dövranı pozğunluqları, arterial hipertoniya və başqa xəstəliklərin müalicəsi qarşılanır”.
Vüqar Qurbanovun sözlərinə görə Gəncə ŞBX-nın yeni imkanları əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradacaq: “Vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin edilməsi naminə daimi işlər görülür. Yeni yaradılan Nevrologiya şöbəsinin müasir tibbi avadanlıqlarla təmin edilməsi, təcrübəli nevroloqların fəaliyyətə başlaması bu yolda atılan addımlardandır. Xəstəxanada bu imkanların yaradılması Gəncə sakinlərinin uzaq məsafə qət etmədən, zamanına qənaət edərək tibbi xidmət almasına gətirib çıxaracaq”.
Gəncə ŞBX-nın direktoru İlkin İsmayılov tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqindən sonra görülən işlər barədə məlumat verib: “Gəncə Səhiyyə İdarəsi icbari tibbi sığortanın tətbiqindən sonra Gəncə Şəhər Birləşmiş Xəstəxanası adıyla fəaliyyət göstərir və tabeliyində bir sıra xəstəxanalar var. Bu zaman periodunda əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün xəstəxanalarda yeni şöbələr yaradılıb. Nevrologiya və Terapiya şöbələrinin hər biri 100 çarpayılıq, yenidən qurulan Cərrahiyyə şöbəsi 70, Reanimasiya şöbəsi isə 10 çarpayılıqdı”.
İlkin İsmayılov bildirib ki, sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub. Tibb müəssisəsinə gün ərzində ortalama 3000 vətəndaş müraciət edir, onlara göstərilən xidmət sayı isə 9000-12000 aralığında dəyişir: “Ötən il ərzində 275 mindən çox pasiyentə 2 milyon 500 mindən çox xidmət göstərilib ki, bunların 2 117 377-si ambulator, 392 283-ü isə stasionar xidmətlərdir. Cari ilin ilk 6 ayı üzrə isə 178 mindən çox pasiyentə 1 milyon 400 mindən çox tibbi xidmət göstərilib. Ən çox icra olunan əməliyyatlar uroloji, ginekoloji və oftalmoloji əməliyyatlardır. 2022-2023-cü illər ərzində 22 mindən çox cərrahi əməliyyat icra olunub.
Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.