Gender bərabərliyi üzrə “O” müasir incəsənət layihəsi ilə bağlı mətbuat konfransı keçirilib
Latviyanın Azərbaycandakı səfirliyi BMT-nin ölkəmizdəki nümayəndəliyi və Norveçin Türkiyədəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsi həyata keçirir.
Frame.az xəbər verir ki, bununla əlaqədar martın 7-də Latviyanın Bakıdakı səfirliyində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında layihəyə daxil olan tədbirlər və layihənin iştirakçıları barədə məlumat verilib. Həmçinin bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı qətnaməsinə həsr olunacaq. Layihə gender bərabərliyi ilə bağlı təcrübələrini bölüşmək, eləcə də müasir incəsənət vasitəsilə qadınların həyatına təsir edən pandemiya və postmünaqişə vəziyyətlərini əks etdirmək üçün beynəlxalq iştirakçıları bir araya gətirəcək.
Bildirilib ki, layihənin proqramına təqdimatların, müzakirələrin, film nümayişlərinin, ədəbiyyat axşamının, sərgi və konfransların keçirilməsi daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynayır.
Həmçinin diqqətə çatdırılıb ki, layihə çərçivəsində tanınmış fotojurnalist Reza Deqatinin gender bərabərliyi üzrə təqdimatı olacaq.
Eyni zamanda, noyabr ayında xalq diplomatiyası proqramının bir hissəsi kimi Azərbaycanın Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində www.tobeawoman.az internet səhifəsi əsasında fəaliyyətlərin davamı olaraq “O” adlı sərgi təşkil ediləcək. Sərginin mövzusu qadınların həyatı, cəmiyyətdəki rolu, sevinc və problemlərinə həsr olunub.
Bundan başqa, payızda Latviyanın Azərbaycandakı səfirliyi NATO-nun ölkəmizdəki əlaqələndirici ofisi ilə birgə “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfrans təşkil edəcək.
Qeyd edək ki, layihənin əsas tərəfdaşı Latviyanın Azərbaycandakı səfirliyidir. Digər tərəfdaşlar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin ölkəmizdəki nümayəndəliyi, “UN Women”, BMT-nin İnkişaf Fondu, tanınmış beynəlxalq fotojurnalist Reza Deqati, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Müasir İncəsənət Muzeyi, “The Landmark”, Nizami Kino Mərkəzi və “PlatformART” təşkilatıdır.