Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15 faiz artmışdır
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk dörd ayı ərzində 1 milyon 239 min sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.
“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 495 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 139 min sərnişin düşmüşdür.
1 milyon 66 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 30 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşmüşdür.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-aprel ayları ərzində bu istiqamətlərə 818 min sərnişin uçmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2018-ci ilin may ayındaHeydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”-ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.
Frame.az