Bakıda qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü təşkil olunub
Aprelin 15-də “JW Marriott Absheron Baku” otelində Azərbaycan Hotel Assosiasiyası (AHA) tərəfindən qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü təşkil olunub.
Frame.az xəbər verir ki, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunan karyera günündə AHA-ya üzv olan 46 hotel aktiv vakansiya və təcrübə proqramları ilə iştirak edib.
Azərbaycan Hotel Assosiasiyasının sədri Eldar Əlimuradov çıxış edərək belə tədbirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir və ümidvaram ki, bu tədbirdən maksimum dərəcədə faydalanacaqsınız. Buradan gənclər iş kontraktları ilə ayrılacaqlar”.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova qurumun tabeliyində olan təhsil müəssisələrində turizm sahəsi ilə bağlı 15-dən çox ixtisasın tədris edildiyini, əsas məqsədin məzunların milli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli olması, turizm sahəsi üzrə diplomların dəyərinin arıtırılmasına nail olmaqdan ibarət olduğunu qeyd edib.
A.Hüseynova təqdim olunan vakansiya və təcrübə proqramlarının iş axtaran gənclər üçün faydalı olacağına inandığını və tədbirin turizm sektorunda savadlı və bacarıqlı kadrların sayının artmasına öz töhfəsini verəcəyini bildirib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Səftər Rəhimli tədbirin əhəmiyyətindən danışıb. O deyib: “Təşkilatçısı olduğumuz karyera günündə iştirak edən hamıya uğurlar arzulayıram. Bildiyiniz kimi, Dövlət Məşğulluq Agentliyi əmək yarmarkalarının təşkilində yaxından iştirak edir. Bu bizim işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə təmas yaratmasına, işə düzəlmələrinə kömək göstərmək məqsədilə keçirilən aktiv məşğulluq tədbirlərimizdir. Yarmarkaya işsiz və işəgötürən vətəndaşlar müraciət edir. Yarmarkanın əsasını iqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar, ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən yarmarkalar, əmək bazarının tələblərini nəzərə almaqla iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar təşkil edir. Bu il təşkil edilən 24 yarmarkada 3 min 634 nəfər işlə təmin edilib. Ötən il və bu il ümumilikdə əmək yarmarkalarında 13 mindən artıq insan işə cəlb olunub. 2022-ci ildə keçirilən 63 əmək yarmarkasında 9 min 833 nəfər iş tapıb. Bu ilin birinci rübündə 77 min 687 nəfər işsiz, işaxtaran kimi aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 12 min 820-si münasib vakansiyalar üzrə işlə təmin edilib, 1245 nəfər isə kiçik bizneslərini yaratmaq üçün özünüməşğulluq proqramına qoşulub. Yanvar-mart aylarında 2190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 min 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib”.
Nazirlik rəsmisi əlavə edib ki, bu il 50-dən artıq əmək yarmarkası keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinin müdiri Nigar İsmayılzadə tədbirin təşkilatçılarına öz təşəkkürümüzü bildirərək, məmnunluğunu ifadə edib: “İlk olaraq bizi burada bir araya gətirdiyi üçün Azərbaycan Hotel Assosiasiyasına öz təşəkkürümüzü bildiririk. Turizm sənayesi hazırda ölkəmizin təmsil olunan üzvüdür. Bu səbəbdən də turizm sahəsi ölkəmiz üçün prioritet olan bir sənayedir və onun inkişafı üçün bir çox tədbirlər həyata keçirilmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyi olaraq turizm sahəsi üçün kadrların hazırlanmasına 2015-ci ildən etibarən başlanılmışdır. Bu sahədə Alman modeli olan dual modelinin tətbiqi, bu istiqamətdə kadrların hazırlanması, bu sahədə dövlət özəl əməkdaşlığın inkişafı, eyni zamanda, müəllimlərin hazırlanması üzrə bir çox tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir”.
Qeyd edək ki, karyera gününə ümumilikdə 21 universitetin, həmçinin peşə məktəblərinin tələbə və məzunları qatılıblar. Azərbaycan Hotel Assosiasiyasına üzv olan hotellərin təmsilçiləri tərəfindən hotel şöbələri və vəzifələri, işçi iyerarxiyasına virtual tur, qonaqpərvərliyin əsaslarına ilkin giriş, qonaq xidməti sənəti, gənc aşpazlara tövsiyələr və peşə sirləri, həmçinin uğurlu CV təklifləri kimi mövzularda təqdimatlar keçirilib. Həmçinin tədbir proqramına sənaye liderlərinin qonaqpərvərlik sahəsində karyera üstünlüklərini izah edən təqdimatlar, eləcə də seminarlar və ustad dərsləri də daxildir.