Mobil dünyaTəqdimat

Hədiyyəniz var – “Telegram Premium” abunəliyi!

Dələduzlar aktiv şəkildə Telegram istifadəçilərinə hədiyyə abunəlikləri göndərirlər. Bu nədir, gözlənilməz səxavətlilik yoxsa növbəti fırıldaq sxemi?

Kaspersky-nin araşdırması nəticəsində məlum olub ki, dünya üzrə bir insan ildə orta hesabla 12 abunəliyə $938 xərcləyir. Bu, müasir insanın həyatında çox sayda abunəliyin mobil telefon kimi daim əl altında olan adi bir atribut olduğunu bir daha təsdiq edir.

Hər şeyə abunəlik var: musiqiyə, kinoya, fitnesə, qoruma həllərinə və hətta messencerlərə. Yəqin ki, “Telegram Premium” haqqında eşitmisiniz. Populyar messencerin bu abunəliyi bütün limitləri demək olar iki dəfə artırır. Ən maraqlısı isə odur ki, onu istənilən dostunuza hədiyyə edə bilərsiniz. Kontakt siyahısı genişdirsə, “Telegram” tətbiqi demək olar ki, hər gün bu imkanı xatırladır. Təbii ki, “Telegram Premium” hədiyyə abunəlikləri dələduzlar üçün növbəti manipulyasiya vasitəsidir və onları kütləvi şəkildə göndərirlər.

“Telegram” messencerində abunəlik necə “hədiyyə edilir”

Hər şey sizin kontakt siyahınızdakı bir şəxsdən (və ya özünü onun kimi təqdim edən birindən) gələn məsum bir mesajla başlayır: “Sizə hədiyyə göndərilib — “Telegram Premium” abunəliyi.” Mesajın altında isə ilk baxışdan qanuni görünən bir link görünür. Həqiqətən də, həmin link “Telegram Premium”un rəsmi kanalına aparır, lakin burada bir “əmma” var.

Razılaşın ki, belə bir mesaj almaq həmişə xoşdur və eyforiya anında təhlükə gözdən yayınır.

Mətnin altında göstərilən https://t.me/premium linki əslində tamam başqa bir fişinq səhifəsinə aparır. Bu səhifə brauzerdə adi “Telegram” avtorizasiya səhifəsi kimi görünür. Lakin onun dələduzlara məxsus olmasını URL-dəki şübhəli ünvan aşkara çıxarır ki, burada adi https://t.me/ ünvanının yanında əlavələr peyda olur.

Əgər açılan səhifəyə hesab məlumatlarınızı daxil etsəniz, hesabınız artıq oğurlanmış hesab edilir —login, şifrə və ola bilsin ki, 2FA kodunuz üçüncü şəxslərin əlinə keçir.

Dələduzlar, əlbəttə ki, məlumatlarınızı könüllü şəkildə təqdim etdikdən sonra sizə təbrik bildirişi göstərəcəklər və 24 saatlıq bir taymer işə salacaqlar. Guya “Telegram Premium”un aktivləşdirilməsi üçün bu qədər vaxt lazımdır.

Bu, dələduzların populyar tələlərindən biridir. Onlar rahatlıqla istifadəçinin 24 saat ərzində abunəlik haqqında unudacağını və ya həqiqətən abunəliyin aktivləşəcəyinə inanacağını düşünürlər, axı bu “hədiyyə”dir! Amma sözügedən 24 saat ərzində baş verə biləcək yeganə şey hesaba girişi tamamilə itirilməsi olacaq.

Bir sutka tamam olduqdan sonra taymer dayanacaq, lakin “Telegram” hesabında abunəlikdən bir xəbər gəlməyəcək.

“Telegram” hesabını necə qorumaq olar

Kaspersky mütəxəssisləri ilk növbədə “Telegram”da təhlükəsizlik və məxfilik parametrlərinizi onların təlimatına uyğun düzgün qurmağı tövsiyə edirlər. Əgər artıq bunu etmisinizsə, aşağıdakı tövsiyələri də nəzərə alın ki, bu və digər dələduzluq sxemlərinin qurbanı olmaqdan qorunasınız:

• Havayı pendir (demək olar ki, həmişə) yalnız siçan tələsində olur. Sizə həqiqətən də hədiyyə göndərildiyini və ya bu işin arxasında bir hiylənin olmadığını təkrarən yoxlamağın ziyanı yoxdur. Ən azı, hədiyyəni göndərən şəxslə başqa bir əlaqə kanalı vasitəsilə əlaqə saxlayın — zəng edin, başqa bir messencerdə yazın və ya hətta üz-üzə görüşüb dəqiqləşdirin. Xüsusilə şəxsi hesabınızın təhlükəsizliyi baxımından əlavə ehtiyatlılıq çox vacibdir.

• Abunəlikləri yalnız rəsmi kanallar üzərindən alın. Məsələn, “Telegram” messenceri abunəliklər üçün xüsusi botdan istifadə etməyi təklif edir.

• İkimərhələli autentifikasiyanı aktivləşdirin. Hətta dələduzların tələsinə düşsəniz belə, bu addım hesabınızı xilas etmək üçün son şansınız ola bilər. Bu arada, 2FA tokenlərini Kaspersky Password Manager-də saxlamaq olduqca rahatdır.

• Dələduzların “Telegram” hesabınızı başqa hansı yollarla oğurlaya biləcəyini öyrənin. Fırıldaq sxemlərinin sayı çoxdur və onların hamısının mahiyyətini bildiyinizi düşünürsünüzsə, yanılırsınız.

• Sizi tələsdirsələr belə, eytiyatlı olun. Dələduzlar qurbanlarını taymerlə həyəcanlandırıb təcili qərar qəbul etməyə məcbur etməyi çox sevirlər. Rəqəmsal təhlükəsizliyinizlə bağlı məsələlərdə bitməkdə olan vaxtı heçə sayın.

• Tətbiqlərin alternativ versiyalarını yükləyərkən ehtiyatlı olun. Biz yalnız rəsmi tətbiqlərdən istifadə etməyi tövsiyə edirik, çünki qeyri-rəsmi tətbiqlər çox vaxt troyanlarla dolub-daşır.

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!