“icaze.e-gov.az” portalında qeydə alınmış bütün icazələrin müddəti mayın 31-dək uzadılıb
Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədilə “icaze.e-gov.az” portalında qeydə alınmış bütün icazələrin müddəti sistem tərəfindən 2020-ci il mayın 31-dək avtomatik olaraq uzadılıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar isə işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilir. Eyni zamanda, qurum və təşkilatlar mayın 31-dək avtomatik uzadılmış icazələrin müddətini istədikləri vaxta tənzimləyə bilərlər.
E.Niftəliyev bildirib ki, bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 8103 SMS icazə sistemi də mayın 31-dək qüvvədə olacaq.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan SMS icazə sistemindən istifadə etməlidirlər. Vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün “2” kodu üzrə icazə ala bilərlər. Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.
Vətəndaşlar icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı mərkəzinə müraciət edə bilərlər”, – deyə agentliyin şöbə müdiri diqqətə çatdırıb.