İlham Namiq Kamal Musiqili Teatrda “3 gün sizinlə”
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti layihəyə start verib. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları üç gün ard-arda olaraq öz sevimli tamaşaçılarının görüşünə gələcəklər. Bu dəfə isə Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, 16 iyun saat 19.00-da E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17 iyun saat 19.00-da Ü. Hacıbəylinin “Ər və arvad” komediyasında Mərcan bəy və R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində isə Orxan obrazını canlandıracaq.
Bu səhnə əsərlərində onun tərəf-müqabilləri Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili, Gülnarə Əzizova, Səməd Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqaları olacaq.
“3 gün sizinlə” layihəsinin növbəti iştirakçısı isə tamaşaçıların sevimlisi, Əməkdar artist Almaz Ələsgərova olacaq.
Azərbaycan Dövlət Musiqili Teatrı hamını bu bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər. Frame.az