İndoneziyalı tədqiqatçı Aİİ-də dərslərdə və seminarlarda iştirak edəcək
İndoneziya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani və Dərüssəlam İslami Təhsil İnstitutunun məzunu Sultan Zəkəriyyə Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.
Aİİ rektoru qonaqları İnstitutda görməkdən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə edib. Rektor C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kursu uğurla davam etdirdiyini diqqətə çatdırıb. Rektor Aİİ haqqında ümumi məlumat verərək, İnstitutun beynəlxalq əlaqələrin qurulmasına və dünyanın qabaqcıl universitetləti ilə əməkdaşlıqların qurulmasına önəm verdiyini bildirib.
İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini ifadə edib. İndoneziya haqqında məlumat verən səfir ölkənin bir çox bölgəsində mövcud olan ali dini təhsil müəssisələri haqqında danışıb. Vurğulanıb ki, dini təhsil sahəsində İndoneziya və Azərbaycanın birgə əməkdaşlığı hər iki ölkə üçün faydalı olardı.
İndoneziyalı alim-tədqiqatçı Sultan Zəkəriyyə öz növbəsində, müqayisəli dinlər tarixi sahəsində İnstitutdakı tədrislə maraqlandığını və Aİİ-də dərslərin bu sahədə dünyamiqyaslı mütəxəssislər tərəfindən tədris edildiyindən razılıq hissi keçirdiyini qeyd edib.
Görüşdə indoneziyalı tədqiqatçı S.Zəkəriyyənin öz sahəsində təcrübəsini mükəmməlləşdirmək məqsədi ilə Aİİ-də dərslərdə və seminarlarda iştirakı, eyni zamanda, İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fananinin “Səfir saat”ı çərçivəsində ali təhsil müəssisəsinin tələbələri ilə görüşünün təşkili qərara alınıb.
Frame.az