İslam Həmrəylik Oyunları – Növbəti hədəf Qarabağ…
Artıq dünya o qədər kiçilib ki, sosial mediaya sığışa bilib. Daha keçmiş zamanlarda olduğu kimi insanlar bir – birini görmək, səsini eşitmək, fikrini çatdırmaq üçün uzun məsafələr qət etmir. Demək olar ki, hamı cibində dünya gəzdirir.
Sosial media sərhəd, əsgər, tikanlı məftil tanımır… Və kim deyirsə ki, dünya müharibəsi 1945-də bitdi, yalnışdır. Bu gün əvvəlli bilinən sonu bilinməyən, dünyanın ən təhlükəli müharibəsi informasiya üzərindən gedir ki, bu savaşın fəsadları silahlı müharibədən də daha sarsıdıcı və ağırdır. Hətta o qədər ağır ki, bir millətin şüurunu belə məhv edə bilir – heç nə hiss olunmadan, ağrısız, acısız… İnformasiya atom bombasından da təhlükəli silahdır.
Ermənilər bu savaşın mahir döyüşçüləridirlər. 1992 – ci ildə Qarabağda qanlı döyüşlər gedən ərəfədə hiyləgər düşmən, informasiya məkanında da savaşını aparırdı. Azərbaycanın toponim adları ilə olan bütün domen adlarını alırdılar. Belə bir deyim var: “İnformasiya qələbənin əlli faizini təmin edir”.
Bəlkə də, o zaman hələ bu qansız, lakin amansız olan informasiya savaşından xəbərsiz olduğumuz üçün torpaqlarımız işğal olundu, bir milyondan çox insanımız ev-eşiyindən didərgin salındı, bəlkədə ?!.. Bəs, bu gün necədir? Azərbaycan artıq 1991 – ci ildəki Azərbaycan deyil. Dövlətin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz bu gün regionun güc dövlətinə çevrilir. Azərbaycanın torpaqlarını işğaldan azad etməyə qadir ordusu, xarici təhlükələrdən qoruyacaq təhlükəsizlik orqanları var. Bu gün Azərbaycan diktə olunan yox, diktə edən, öz maraqlarını önə çəkməyi bacaran qüdrətli bir dövlətə malikdir. Amma buna baxmayaraq, 25 ildən yuxarıdır ki, torpaqlarımızın 20 faizindən çoxu düşmən tapdağı altındadır, bir milyondan yuxarı insanımız qaçqın və məcburi köçkün adı daşıyır, ən maraqlısı və təəccüblüsü isə öz dədə-babasının məzarını ziyarət etmək üçün Qarabağa gedən iki həmyerlimiz Dilqəm və Şahbaz erməni əsirliyində saxlanılır. Bütün bunlara baxmayaraq da, nə özümüz, nə də “ədalətli dünya birliyi” bir addım atmır. Baxmayaraq ki, dövlətimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışan şəxs və təşkilatlara yetərincə diqqət ayırır. Hətta, dövlət başçısı cənab İlham Əliyev Milli Mətbuatın 140 illiyində “Biz informasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” ifadəsilə jurnalistlərə və təşkilatlara “bu günə qədər gördüyünüz işlər sadəcə, müdafiə xarakterli olub. Bundan sonra konkret hücum əməliyyatlarına keçməlisiniz” demək istədi. Amma bu vacib mesajdan biz nə anladıq?! Yenə də hər zaman olduğuy kimi kimlərsə öz maraqlarını düşünərək, hərə öz çapında müəyyən işlər görməyə başladı, fəqət, yenə faydasız… Prezident bizə nə dedi, biz nə etdik?! Bu gün dünyanın – xüsusilə Avropanın harasına gedib, sual etsək: “Erməniləri necə tanıyırısınız?”, 7-dən 77-yə hamı: “Yardım sevər, sülhsevər xalq, türklər tərəfindən soyqırıma məruz qalıblar, bu gün də siz onlarla münaqişədəsiniz” deyəcəklər. Bəs, yaxşı, ermənilər silahlı təcavüz edərək, insanlarımızı soyqırım edib, torpaqlarımızı işğal edərək, bir milyondan çox insanın evsiz-eşiksiz qalmasına səbəb ola-ola, hətta paytaxları İrəvan belə, tarixi Azərbaycan torpağı olduğu halda bu münasibəti necə qazandılar?! Cavabı çox sadəddir: Sistemli aparılan informasiya müharibəsi sayəsində. Heç nə vaxtsa, ermənilərin Avropanın hansısa şəhərində 2-3-5 nəfərlə Azərbaycan səfirliyini yumurta atəşinə tutub, bayraq yandırdığını eşitdiniz, gördünüzmü?! Olubsa da, çox az ola bilər.
Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, QHT-lərin dayanıqlı fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu yaradılıb. Həmçinin, bir neçə dövlət qurumu da (nazirliklər) məhz, QHT-lərin fəaliyyətinin davamlı olması üçün qrantlar ayırır. Baxmayaraq ki, Şuradan və Gənclər Fondundan başqa, qrant layihələrini maliyyələşdirən ədalətli qurumu mən tanımıram. Amma bu gün mövzu bu deyil. Biz QHT-lər heç özümüzə sual vermişikmi ki, görən, dövlət, niyə axı, dünyanın heç bir yerində olmayan bir sistemi burda tətbiq edir və biz QHT-ləri maliyyələşdirir?! Bəli, çoxumuz düşünürük ki, hakimiyyət bizdən çəkinir, QHT və medianın gücündən ehtiyat edir, bu üzdən də özü maliyyə ayırmaqla, əslində, cəmiyyətin həssas təbəqəsi olan jurnalistləri və ictimaiyyət nümayəndələrini zərərsizləşdirir. Amma bu kökündən yalnış fikirdir. Hakimiyyət dediyimiz güc və qüdrət deməkdir ki, onun çəkinəcək bir yeri olmur. Bir də var, dövlət: bu isə tamam başqa bir anlayışdır ki, bu gün Azərbaycanda medianın və QHT-lərin dayanıqlı fəaliyyətini istəyən də, məhz dövlətdir. Bu gün bizim içimizdə belə, hakimiyyətlə dövlət anlayışını ayırd edə bilməyənlər az deyil. Məsələn, biz dövlətimizin dayanıqlığı, qorunması istiqamətində müəyyən tənqidlər edirik, bunu bəzi, insanlar hakimiyyətə qarşı müxalif addım kimi qələmə verərək, öz aləmlərində kimlərinsə yanında xal qazanırlar. Düşünmürlər ki, sağlam tənqid əslində, dövlətə xidmətdir. Bu gün bizim hər bir fərdimizin vəzifəsi harda oluruqsa, olaq, dövlətə xidmət etmək olmalıdır. Məhz, bu xidmətin dayanıqlı və effektivliyini artırmaq üçün dövlət əlindən gələn bütün imkanları edir. Düzdür, müəyyən mənada ayrı-seçkinlik də var: Layiqsiz, təsadüfi adamlara daha çox diqqət edilir, iş görən, xidmət edənlərə isə az. Bunu da dövlət etmir. Dövlət babadır, o, hər bir övladını fərq qoymadan sevər, əzizləyər. İçimizdə dövlətə, millətə sədaqətlə xidmət edən bəzi insanların güclərinin zəifləməsində maraqlı olan qüvvələr var ki, onlar da heç özləri də bilmədən (yaxud, bilərəkdən) düşmən cəbhəsinin arzularını həyata keçirir, milli gücləri zəiflədirlər.
Gələk, bu gün informasiya müharibəsində biz nə edirik, yaxud nə edə bilərik mövzusuna. Dedik ki, dövlət bu işlərin qurulması, sistemli fəaliyyət göstərməsi üçün yetərincə diqqət, rəsmi və qeyri-rəsmi maliyyə ayırır. Amma biz bundan necə istifadə edirik?! Düşüncəmə görə, ümumiyyətlə, bizim informasiya müharibəsinə yanaşmamız belə yalnışdır. Bu gün qrant alıb, gedib, Avropada öz-özümüzlə tədbirlər keçirməklə, iki-üç adamla Ermənistan səfirliyinin qarşısında qışqırıb, bayraq yandırmaqla mübarizə aparmaq olmaz. Əslində, bu metod bir daha öz əlimizlə düşmənin Avropada haqqımızda apardığı: “azərbaycanlılar barbardır, baş kəsəndir, bizi yaşamağa qoymurlar” yalnış təbliğatını təsdiq edir. Bəs, düzgün informasiya müharibəsi, təbliğat necə olmalıdır, sualının cavabı isə çoxlarımızın tənqid etdiyi, dırnaqarası yanaşdığımız mövzularla qarşımızdadır. Dedik ki, ölkə başçısı hücuma keçin dedi. Və dərhal da hər zamankı kimi ilk addımı nümunə olaraq, özü ataraq, bizə yol göstərdi. 2012 – ci ilə “Eurovisia” mahnı yarışmasında qələbə qazanmaqla, 2013 – cü ildə həmin yarışmanın Bakıda keçirilməsi ilə əslində, bütün dünyada informasiya müharibəsi sahəsində ilk uğurlu addımının davamı olaraq, 2015 – ci ildə Avropa Oyunlarını Bakıda keçirməklə tarix yazdı. Düzdür, həmin vaxt çox iş yerləri bağlandı, qalan iş yerlərində ciddi maaş azalması, ixtisarlar baş verdi, neftin qiyməti dünya bazarında düşdü və nəhayət ilin ən ağrılı hadisəsi, ölkədə devolvasiya baş verdi. Bu kritik durumda isə dövlət yenə öz dayanıqlılığını qoruyaraq, Avropa oyunlarını tarixə yazılacaq şəkildə ölkəmizdə keçirərək, informasiya müharibəsində növbəti qələbəyə hesablanmış uğurunu qazandı. Səbəb nə idi, millətin və dövlətin sabit və dayanıqlı inkişafı, dünyada Azərabaycan haqqında yaranmış mənfi düşüncələrin kökünü silkələmək. Bacardımı?! Bəli, bu bizə maddi sıxıntılar bahasına başa gəldisə də, yüksək səviyyədə bacardı. Məhz, “Eurovisia” mahnı yarışmasından, “Baku2015” Avropa Oyunlarından sonra dünyada Azərbaycana qarşı formalaşmış mənfi fikirlərin kökü laxladı. Bu gün də “Baku2017” İslam Həmrəyliyi Oyunları. Kim bu beynəlxalq tədbirlərə təkcə idman uğuru kimi yanaşırsa, yalnışdır. İdman həm də siyasətdir. Dövlət o qədər incə və ağıllı siyasət yürüdür ki, bu gün dünyada təkcə, Azərabycanla bağlı deyil, həm də İslam dünyasına qarşı aparılan ciddi islamafobiya təbliğatına inan insanlara da həqiqəti göstərmək istəyir. Qürur duyulası haldır ki, bu dəfə bu ağır və məsuliyyətli yükü məhz, Azərbaycan dövləti öz çiyinləri üzərinə alıb, qürurla dayanaraq, davam edir. İslam Həmrəylik Oyunlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə dövlətimiz dünyada gedən amansız informsiya müharibəsinə növbəti atom bombasını atır. Bu bomba yıxmır, öldürmür, zərər vermir, sadəcə, zərərli düşüncələri məhv edir. Bununla da ölkjə başçısı çox iti və əmin addımlarla Qarabağa doğru gedir… Yuxarıda da dediyim kimi qələbənin yarı faizini informasiya təmin edir. İnformasiya müharibəsi isə təkcə, yazı yazmaq, sayt açmaq və s tədbirlər keçirməklə aparılmır. Məhz, bu cür idman və mədəniyyət layihələri ilə özünü dünyaya tanıdırsan ki, dünya da sənin haqqında yalnış fikrini itirir, haqlı davanda da yanında olmasa da, haqsızlıq etmir. Mən inanıram ki, dövlət bu layihələrlə əslində, Qarabağı hədəfləyib. Çox yaxında həsrət bitəcək, biz öz haqlı mövqeyimizə qayıdacaq, torpaqlarımızı düşmən tapdağından azad edəcəyik.
“Heydər Əliyev Fondu”. Fond fəaliyyətə başlaması ilə öncə ölkəmizdə bir mayak rolunu oynadı. Fondun prezidenti Mehriban xanım Əliyevanın gərgin əməyinin sayəsində Azərbaycanda çox işlər görülüb, bunları danışmaq istəmirəm. Mənə əsas olan, bu gün “Heydər Əliyev Fondu”nun xaricdə kilsələri təmir etməsi, digər xalqların mədəniyyət tədbirlərinə maliyyə ayırmasına etiraz edənlərə düşüncələrim gərəyi aydınlıq gətirməkdir. Mehriban xanım Əliyeva hansısa millətə, yaxud məbədə, kilsəyə, xüsusi sevgisindən dolayı bu işləri görmür. Bütün bunların alt qatında illərlə Azərabycan haqqında dünya insanında yaranmış yalnış təsəvvürü yaradan ermənilərin təbliğatını alt-üst etmək üçün atılan bir addımdır. Necə?! Kilsə təmir etməklə, dünya insanının şüur altına yeridilir ki, bu günə qədər bizim haqqımızda sizin beyninizə yeridilən informasiyalar yalnışdır. Azərbaycan insanı sivil, yardımsevər, sülhsevər və bütün dinlərə, mədəniyyətlərə tollerant yanaşan millətdir. Bunu biz QHT və jurnalistlər yazılarımızda yazmaqla, tədbirlər keçirib, danışmaqla anlatmaqla, illərdir erməni lobbisinin apardığı yalnış siyasəti dəyişə bilmərik. Bu fikri məhz, informasiya müharibəsinə hesablanmış bu cür, ağıllı siyasət və addımla – həmin millətin öz dininə, mədəniyyətinə olan münasibətinlə dəyişə bilərsən. Və bu gün çoxumuzun qınadığımız bu addımlar şəxslər üçün yox, millətimiz üçün edilir. Biz qışqırmaqla, ağlamaqla, boğazdan yuxarı çıxışlar etməklə, öz həqiqətlərimizi nə yaya bilər, nə də kiməsə inandıra bilmərik. Bunun bariz nümunəsi göz önündədir ki, dövlət illərlə maliyyə ayırdığı bir çox QHT-lər bu istiqamətdə heç bir ciddi naliyyətə imza atmayıblar. Sadəcə, informasiya ilə gözəl işləyiblər. Çox pis bir el misalımız var, onu demədən, deyərdim ki, olmayan bir işdən gözəl bir informasiya hazırlayıb, mətbuata yayaraq, aldıqları pulu silib, (milli məsələ üçün ayrılan pullardan özünə gün-güzəran qurub. Bu gün elə QHT sədrləri var ki, öz işindən başqa hər şeydirlər) hələ, üstəlik, utanmadan, dövlətə və millətə də gördükləri “iş” üçün minnət qoyub, özlərini hər yerdə “biz olmasaq, mümkün deyil” kimi aparıblar. Məsələn, elələri var ki, Qarabağ məsələsini də biznes mənbəyi kimi özəlləşdiriblər. Əsl borcları informasiya savaşında fəaliyyət göstərən insanlarla birləşib, sistemli fəaliyyət göstərmək olsa da, bunlar bu mövzuda iş görmək istəyən insanlara da mane olurlar. Nədən?! Çünki, Qarabağ adı onlar üçün pul, biznes mənbəyidir. Lakin, bu gün cənab prezident İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın, “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın informasiya müharibəsində apardığı mübarizədə gördüyü çox əhəmiyyətli işlər hər birimiz üçün nümunə olmalıdır. Bu gün düşünülməməlidir ki, bizə verilən şanslar yuxarıda da dediyim kimi hakimiyyətin bu həssas qrupdan çəkinməsidir, əsla, dövlətin öz millətinə, vətəninə diqqətinin bariz nümunəsidir ki, bizim də vətənə sədaqətlə xidmət edib, dövlətimizə kömək olmağımızı istəyirlər. Vətənə sədqaətlə xidmət edən şəxs isə milli işə haram qatmamalıdır.
Bu gün “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya Ədalət” kompaniyasında bayraq yandırmaq, qışqırmaq, Ermənistan səfirliyini yumurta atəşinə tutmaq yoxdu. Bu kompaniya sivil qaydada, sadəcə fakt və sənədlərlə danışaraq, az qala, bütün dünyaya yayılıb. Məhz, Leyla xanımın birbaşa rəhbərliyi ilə aparılan uğurlu təbliğat işlərinin nəticəsidir ki, bu gün dünyanın bir çox ölkələrinin dövlətləri Xocalıda baş verən soyqırım aktını tanıyıb və insanlar əslində, bu günə qədər “yardımsevər, sülhsevər xalq” kimi tanıdığı ermənilərin insanlığa qarşı olan bir terror qruplaşması olduğunu dərk ediblər.
Bu kimi misalları çox sadalaya bilərəm… Amma indi gəlin, baxaq, biz nə edirik?! Düşünəcəksiniz ki, sadaladığım işlər böyük vəsaitlər tələb edir, bunu da bir jurnalist, yaxud bir QHT edə bilməz. Haqlısınız, razıyam. Amma ictimaiyyətlə bağlı şəxslər və təşkilatlar da öz növbəsində, öz çapında işləməlidir. Ən azından bu təşkilatların ayaqda durması üçün ildə az da olsa, bu dövlət maliyyə ayırır. Olmazmı ki, həmin maliyyə ilə sürdüyümüz maşınlarda, yaşadığımız evlərdə, dəbdəbəli ofislərdə oturanda, bir az da bu dövlətə sədaqətli xidmət haqqında düşünək?! Məsələn, özümüz bir iş görə bilmiriksə, dövlətin informasiya müharibəsinə hesablayaraq, keçirdiyi tədbirlərə də ağız əyməyək, kənardan xaricin diqtəsi ilə fəaliyyət göstərən, məqsədi Azərabycan dövlətinin müstəqilliyinə sarsıdıcı zərbə vurmaq olan antimilli fəaliyyət göstərən təşkilatların təbliğatının qarşısına tutarlı cavablar çıxaraq ki, sadə insanımız informasiya müharibəsinin qurbanına çevirilməsin?! Əlbəttə olar, sadəcə, yenə də çoxumur oturub, gözləyirik ki, bunu üçün də dövlət bizə pul versin. Necə ki, Şuradan, yaxud Gənclər Fondundan qrant udandan sonra, oturub, gözləyirik ki, pul bank hesabımıza otursun, ondan sonra işə başlayaq. Hansı ki, nə Şura, nə də Fond bizim layihələrimizi maliyyələşdirməyə borclu deyil. Bu işlər üçün içimizdə bir az, çox yox, lap az milli təəsübkeşlik hissi olmalıdır. Varmı?!.
Zaur Qəriboğlu
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İB-nin sədri