IqtisadiyyatTurizmTəqdimat

İsraillə turizm üzrə əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsindədir

İyunun 11-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə İsrail Dövlətinin turizm naziri Haim Katz arasında Azərbaycan-İsrail turizm əlaqələrinin mövcud vəziyyəti və gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Görüş zamanı Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərindəki turizm nümayəndəliyinin fəaliyyəti, birbaşa uçuşların sayının artırılması, İsrail universitetləri ilə tələbə mübadiləsi proqramları, birgə turizm məhsullarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi,  B2B (biznesdən biznesə) və B2C (biznesdən müştəriyə) formatlı əməkdaşlığın və İsrail media nümayəndələrinin Bakıya səfərlərinin təşkil edilməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərin turizm sektoruna investisiyaların cəlb edilməsi məqsədilə İsrail şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana tanışlıq turuna dəvət olunması təklif olunub.

Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təşkilatçılığı ilə Təl-Əviv şəhərində Azərbaycan turizminə həsr olunan tədbir təşkil edilib.

Tədbirdə İsrailin 70-ə yaxın turizm şirkəti və media nümayəndəsi, həmçinin Azərbaycan Hotel Assosiasiyası (AHA) və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA) üzv hotel və turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Tədbirin təşkil edilməsində məqsəd Azərbaycanın turizm imkanlarını, eləcə də AZAL-ın beynəlxalq uçuşlarını təqdim etmək, Azərbaycanın yerli turizm şirkətləri və hotelləri ilə İsrailin turizm şirkətləri arasında əlaqələrinin qurulmasını təşviq etməkdir.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri cənab Muxtar Məmmədov çıxış ediblər.

Fuad Nağıyev çıxışında bildirib ki, şəbəkələşmə və işgüzar münasibətlərin möhkəmləndirilməsi baxımından platforma rolunu oynayan bu kimi tədbirlər həm də iki xalq arasında daim inkişaf edən dostluq münasibətlərini simvolizə edir.

Agentlik sədri qeyd edib ki, əsas hədəf bazarlardan biri kimi İsraillə turizm sektorunda tərəfdaşlıq əlaqələrini genişləndirmək, yeni əməkdaşlıq təşəbbüslərinə dəstək vermək, Azərbaycan və İsrailin turizm potensialının qarşılıqlı formada təbliğinə töhfə vermək əsas məqsədlər sırasındadır.

Səfir Muxtar Məmmədov ötən ay Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla cənab Prezident İlham Əliyev arasında qarşılılıqlı turist axını səviyyəsinin qaldırılması üzrə müzakirələrin aparıldığını qeyd edib. O, iki dövlət arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin formalaşdığını, Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasının turizm üzrə münasibətlərimizin dərinləşməsi və inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov AZAL tərəfindən Tel-Əvivə icra olunan uçuşların sayının iyunun 28-dən etibarən artırılacağını qeyd edib. O, uçuşların rahatlığı və sərnişinlərə yüksək keyfiyyətlə xidmətin təmin edilməsi üçün yeni təyyarələrin əldə edildiyi haqqında məlumat verib.

Вu addımların atılması bir məqsəd güdür – iki ölkə arasında turizm axınını artırmaq, qonaqlara onların hər birinin özünəməxsus mədəniyyəti, tarixi və görməli yerləri ilə tanış olmaq üçün imkanlar açmaq.

Tədbir çərçivəsində Azərbaycanın turizm məhsullarının və AZAL-ın uçuş istiqamətləri barəsində təqdimat baş tutub, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgiyə baxış keçirilib.

Qeyd edək ki, 2022-ci ildə İsraildən Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 4 dəfə artaraq 23 935 nəfər təşkil edib. 2023-cü ilin son 5 ayında isə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70% artaraq 8 611 nəfər olub.

Hazırda Təl-Əvivdən Bakıya həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar təşkil olunur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!